Kasıb bölgə klubunda kasad heyətin acı nəticəsi

4 Oktyabr 2022 21:00 Premyerliqa 1 422
Kasıb bölgə klubunda kasad heyətin acı nəticəsi

“Turan Tovuz” mövsümdə ikinci ev məğlubiyyətini yaşadı.

Komanda doğma divarlar arasında “Zirə” ilə matça yaxşı başlasa da davamını gətirə bilmədi.

Nathan Oduva 27-ci dəqiqədə hesabı açanda növbəti qələbənin yaşanacağına inanmaq olardı. Ən pis halda bir xalı “cibdə” saya bilərdik.

Hər halda mövsüm ən az qol buraxan komanda statusuna sahib kollektivin ötən tur “Qarabağ” önündə darmadağın olan “Zirə”dən ardıcılı qollar buraxacağı kimsənin ağlına gəlməzdi.

Ağıla gəlməyənlər isə Abbasovun komandaının başına gəldi. 7 dəqiqədə buraxılan iki qəribə qol yerli publika kimi meydandakı futbolçuları da şoka saldı. Hətta 15 dəqiqəlik fasilə də ayılmağa yetərli olmadı.

Əksinə, ikinci yarının startında vurulan növbəti qol yekun hesabı təyin etdi - 1:3.

Bundan sonrakı dəqiqələrdə nisbətən fəallaşan, rəqib qapısında bir neçə təhlükə yaradan meydan sahibləri heç cür istəyinə çata bilmədi. Bir neçə epizodda isə Abasovun yetirmələrinin bəxti də gətirmədi.

Amma Tovuz təmsilçisinin yalnız şanssızlığıa görə yox, həm də kasad heyətə görə əziyyət çəkdi deyə bilərik.

Orta xəttinin önəmli fiqurlarından sayılan Şakir Seyidov cəzalı durumdaydı.

Komandanın bombardiri olan Runi Eva yalnız matça iki gün qalmış məşqlərə qatıla bilmişdi.

“Sabah”la görüşdə zədə alan Xəyal Nəcəfov iki həftəyə yaxın komandanın məşqlərindən uzaq düşmüşdü. Digər zədəli oyunçu Elton Turabov isə 3 həftəlik aradan sonra normal dincəlmədən görüşə çıxmışdı.

Kimsə düşünə bilər ki, bəs onların meydanda nə işi vardı? Kasad heyətə görə.

Büdcə geniş heyət qurmağa yetərli deyil. Kasadlığın da belə acı nəticələri olur və olacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti