"Rrazılıq əldə olunub, qısa müddətdə onlarla müqavilə bağlayacağıq"

18 İyun 2022 09:00 Premyerliqa 824
"Rrazılıq əldə olunub, qısa müddətdə onlarla müqavilə bağlayacağıq"

“Yenidən Tovuzda olmaq mənim üçün çox xoşdur. Bura mənə doğmadır.

Futbolçu kimi Tovuzda çox gözəl günlərim keçib. Baş məşqçi kimi yenidən burada olmaq isə tam fərqli hissdir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

41 yaşlı mütəxəssis dünən müqavilə imzalaması ilə bağlı təəssüratlarını bölüşüb:

“Açığı, rəhbərlik, işçi, məşqçi heyəti və əsası, azarkeşlər tərəfindən belə qarşılanmaq məni qürurlandırdı. 9 ildən sonra Premyer Liqaya qayıtmaq hər birimizin arzusu idi.

Premyer Liqaya rəng qatmaq istəyirik. Əlbəttə, işlərimiz çoxdur. Tovuzun futbol ənənələri hər kəsə bəllidir.

Futbolumuzda iz qoymuş onlarla ad bəxş edib, hansılar ki, hazırda akademiyada çalışırlar. Birlik olmalıyıq. Həm rəhbərliyin, həm də azarkeşlərin dəstəyini tam olaraq hiss edirəm.

İnanıram ki, tək əsas komanda deyil, əvəzedici və aşağı yaş qrupları üzrə komandaların məşqçiləri ilə birlikdə əl-ələ verib bütün çətinliklərin öhtəsindən gələ biləcəyik”.

Ayxan Abbasov gələcək planlar haqda da məlumat verib:

“İlk olaraq futbolçularla müqavilələr rəsmiləşməlidir. Bir neçə futbolçu ilə artıq razılıq əldə olunub və qısa müddətdə onlarla müqavilə bağlayacağıq.

İyunun 19-da Bakıda təlim-məşqlərə start verəcəyik. İlk öncə yerli futbolçuları, akademiyanın üzvlərini baxışdan keçirəcəyik.

Ayın 27-dən isə hazırlığın əsas mərhələsinə başlayacağıq. Gürcüstanda təlim-məşq toplanışı keçirməyi də planlaşdırırıq”.

Xəbər Lenti