Premyer Liqada kritik hal – Sonluq kimi “ağladacaq”?

6 May 2022 21:00 Premyerliqa 637
Premyer Liqada kritik hal – Sonluq kimi “ağladacaq”?

Premyer Liqa finişə yaxınlaşdığı vaxtda mövsümün sonu ilə bağlı təxmini mənzərə bəllidir.

“Qarabağ” çempionluğu vaxtından əvvəl təmin etdi, “Neftçi” avrokuboklara vəsiqəni təmin edib, gümüş medal növbəti oyunda 1 xal yetərlidir.

İndi əsas müzakirə mövzusu avrokuboklara vəsiqə verən növbəti 2 yer üçün 3 komandadan hansının kənarda qalacağıdır.

Söhbətin “Zirə” (42 xal), “Qəbələ” (38 xal) və “Sabah”dan (36 xal) getdiyi hər kəsə məlumdur.

“Qəbələ” və “Sabah”la müqayisədə zirəlilərin vəziyyəti nisbətən yaxşıdır. Rəşad Sadıqovun çalışdırdığı kollektiv “Neftçi”dən 8 xal geri qalsa da, əsas rəqiblərini 4 və 6 xal qabaqlayır.

Növbəti 3 turda “Zirə”nin rəqibləri bunlardır:
Qarabağ – Zirə
Neftçi – Zirə
Zirə - Şamaxı

“Qəbələ”ni gözləyən rəqiblərə nəzər yetirək:
Qəbələ - Neftçi
Şamaxı – Qəbələ
Qəbələ - Sabah

Bu da “Sabah”ın üzləşəcəyi komandalar:
Səbail – Sabah
Sabah – Sumqayıt
Qəbələ - Sabah

Cədvəldən də göründüyü kimi, “Sabah”la müqayisədə zirəlilərlə qəbələlilərin işi xeyli çətindir.

“Qartallar” ardıcıl iki güclü rəqiblə - “Qarabağ” və “Neftçi” ilə münasibətlərinə aydınlıq gətirəcək. Hər iki halda səfərdə oynayacaq. Sonuncu turda isə “bərk qoz” “Şamaxı”nı qəbul edəcək.

Bölgə təmsilçisinin vəziyyəti də aşağı-yuxarı eynidir. “Neftçi”ni qonaq edəcək, Şamaxıya yollanacaq və yekunda əsas rəqibi “Sabah”ı qəbul edəcək.

“Qırmızı-qaralar”ın üstünlüyü Bakını təmsil edən rəqiblərini Qəbələdə qarşılamasıdır. Hava şəraiti, meydan və azarkeş amili xeyirlərinə işləyə bilər.

Bu mənada təqvimi “tələbələr” üçün uğurlu saymaq mümkündür. Murad Musayevin rəhbərlik etdiyi kollektiv qarşıdakı 2 turda autsayderlərlə - “Səbail” və “Sumqayıt”la oynayacaq. Sonuncu turda isə Qəbələ səfərinə yollanacaq.

Hər 3 komandanın vəziyyəti kifayət qədər risklidir. Bu isə onu düşünməyə əsas verir ki, 4-cü vəsiqənin sahibi sonuncu turdakı baş tutacaq “Qəbələ” – “Sabah” matçında bilinəcək. Bu oyun mayın 21-də baş tutacaq.

O vaxta qədər “tələbələr”in “Səbail” və “Sumqayıt”la görüşlərdə büdrəcəyi inandırıcı görünmür.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!