Qiyməti 1,2 milyon avroya qədər azaldı – TRANSFER BAZARI

9 Yanvar 2021 13:40 Premyerliqa 1 678
Qiyməti 1,2 milyon avroya qədər azaldı – TRANSFER BAZARI

2021-ci il başladı, bütün dünyada olduğu kimi, Azərbaycan klublarında da qış hazırlığı start götürdü.

Artıq bəzi Premyer Liqa təmsilçiləri bır sıra futbolçuları ilə yolları ayırıb, başqalarını heyətə cəlb edib.

Bu səbəbdən də daxili “transfer bazarı”nda canlanma yaşanır. Azərbaycan klublarının bəzi futbolçuları xarici klubların maraq dairəsindədi. Bu səbəbdən də onların qiymətində dəyişikliklər olub.

Dünyanın məşhur futbolçu platforması olan “transfermarkt”da Azərbaycan premyer-liqasında çıxış edən futbolçuların bazar dəyərlərində həm geriləmə, həm də irəliləmə müşahidə olunur. .

Əvvəlcə dəyərdən düşən oyunçuları təqdim edək. Burda ən çox geriləmə “Zirə”nin yarımmüdafiəçisi Riçard Almeydada müşahidə olunur. Onun hazırkı dəyəri 750 min avro civarındadı.

Pleymeykerin qiymətində 850 min avro eniş yaşanıb. Belə ki, 2020-ci ilin əvvəlində Almeydanın transfer dəyəri 1,6 milyon avro göstərilirdi.

Siyahının sonrakı 4 pilləsində “Qarabağ”ın futbolçuları yer alıb. Ağdamlıların qolkiperi Emil Balayev 600 min dəyər itirərək yeni qiyməti elə 600 min avro olub.

Filip Ozobiç də qiyməti azalan futbolçular siyahısındadı. Xorvatiyalı yarımmüdafiəçi 500 min avro dəyər itirib. Onun indiki transfer qiyməti 1 milyon avro göstərilib.

“Qarabağ”ın daha bir əcnəbisi Uroş Matiç Ozobiçlə eyni məbləğdə dəyər itirib. Serbiyalının hazırkı transfer qiyməti 1 milyon avrodu. “Köhlən atlar”ın kapitanı Maksim Medvedevin hazırkı dəyəri 750 min avrodu.

Onun transfer bazarında qiyməti ötən ilə nisbətən 500 min avro azalıb. Siyahının 6-cı pilləsində “Neftçi”nin forvardı Stiven Jozef-Monroz yer alıb.

Fransalı hücumçu 500 min avro dəyər itirib. Onun hazırkı dəyəri 500 min avrodu. Ramil Şeydayev də ötən il özünü yaxşı tərəfdən göstərə bilməyənlər siyahısında yer alıb.

“Sabah”a keçən milli üzvü 450 min avro dəyər itirib. Onun hazırda transfer bazarında qiyməti 900 min avrodu. “Qarabağ”ın daha bir üzvü Abdulla Zubir cədvəldə 8-ci pillədə qərarlaşıb.

Fransalı yarımmüdafiəçi 400 min dəyər itirərək bazar qiymətini 1,2 milyon avroya qədər azaldıb. Siyahının 9 və 10-cu pilləsində “Neftçi”nin iki futbolçusu yer alıb.

Ötən ili zədəli keçirən Səlahət Ağayev 400 min avro dəyər itirib. Qapıçının hazırda transfer qiyməti 500 min avrodu. Flaqmanın müdafiəçi Voislav Stankoviçi transfer etmək istəyən klub 400 min avro ödəməlidi. Serbiyalı futbolçu 350 min avro dəyər itirib.

İkinci statistik məlumat isə 2020-ci ildə ən çox dəyər qazanan futbolçularla bağlıdı. Burdakı futbolçuları gördükdə yaxşı mənada təəccüblənməmək mümkün deyil.

Bu nominasiya üzrə “onluq” tərtib etdik. İlk üç pillədə “Qarabağ”ın futbolçuları yer alıb. Ağdamlıların nigeriyalı yarımmüdafiəçisi Kvabena Ovusunun dəyəri 200 min avro artaraq 500 min olub.

“Köhlən atlar”a ötən il qoşulan Kevin Medinanın da “transfer bazarı”nda qiyməti artıb. Kolumbiyalı müdafiəçi dəyərini 175 min artıraraq 500 min avroya çatdırıb.

Ən yaxşı irəliləyişlərdən birinə yarımmüdafiəçi Toral Bayramov imza atıb. Onun dəyəri 175 min avro çoxalaraq 200 min olub. Siyahının 4-cü pilləsində “Səbail”in üzvü Peyman Keşavarzi yer alıb.

İranlı müdafiəçi 175 min avro dəyər qazanıb. Onu transfer etmək istəyən klub 200 min avro ödəməlidi. 2020-ci ilin ən yaxşılarından olan Şahruddin Məhəmmədəliyev bu siyahından kənarda qala bilməzdi.

“Qarabağ”ın qolkperi oyunu ilə özündən söz etdirməyi bacarıb. Qapıçının hazırkı dəyəri 400 min avrodu. O, ötən il 150 min avro məbləğində dəyər qazanıb.

6-cı pillədə də qolkiper yer alıb. “Neftçi”nin əsas qapıçısı Aqil Məmmədovun bazar dəyəri 150 min avro qalxaraq 300 min olub. 7-ci pillədə isə “Zirə”nin qolkiperi yer alıb.

Mateus Albinonun hazırkı transfer qiyməti 250 min avrodu. O, ötənilki çıxışı ilə diqqətləri üzərinə cəlb edərək dəyərini 150 min avro artırmağı bacarıb. Siyahının son üç pilləsində gənc futbolçular yer alıb.

“Qəbələ”də icarə əsasında çıxış edən “Sabah”ın üzvü İdris İnqilablının dəyəri 150 min avro artaraq 200 min olub. “Neftçi”yə yeni transfer olunduğu günlərdə daim meydana çıxan Mərt Çəlikin də transfer qiyməti birdən-birə 150 min avro artaraq 200 minə çatıb.

“Sumqayıt”dakı çıxışı ilə milli komandaya kimi yüksələn Aydın Bayramovun transfer qiyməti də qalxıb. “Kimyaçılar”ın qolkiperinin hazırkı qiyməti 200 min avrodu. Onun da dəyəri digər gənclər kimi 150 min avro artıb.

Digər Xəbərlər
Xəbər Lenti