“Neftçi”nin transfer siyasətində ciddi dəyişiklik və müsbət dinamika müşahidə olunur.
Uzun illər idi ki, “Neftçi” heyətinə saysız legioner yığan və əksər hallarda onlardan xeyir görməyən komanda idi.
Komandaya cəlb olunan və ancaq özünü doğrultmayan bir çox futbolçu ilə yolların ayrılması üçün klub böyük məbləğdə təzminat ödəməli olurdu. Bu, əvvəlki transfer siyasətinin yaratdığı maliyyə yükünün aradan qaldırılması baxımından vacib addım idi.
Bu gün isə vəziyyət tamamilə fərqlidir. Heyət planlaşdırıldığı şəkildə komplektləşdirilir və klub artıq futbolçuların transferindən gəlir əldə edən tərəfə də çevrilib.
İmad Farajın satışından əvvəlki transferlərdə ödənilən məbləğlə müqayisədə təxminən iki dəfə çox vəsait qazanılması “Neftçi”nin futbolçularının bazar dəyərinin artdığını göstərən mühüm məqamdır.
Daha bir önəmli məsələ isə “ağ-qaralar”ın futbolçularına bazarda tələbatın olmasıdır. Klubun oyunçuları ilə bağlı müxtəlif təkliflər var.
Eyni zamanda, təkliflərə baxmayaraq “Neftçi”də qalmağı seçən futbolçuların olması da klub daxilindəki sağlam mühitin göstəricisidir.
Ən vacibi isə futbolçu satışları həyata keçirilərkən heyətin keyfiyyəti aşağı düşməyib. Əksinə, komanda həm mövcud heyətin səviyyəsini qoruyub, həm də ehtiyac duyulan mövqeləri gücləndirməyi bacarıb.
Bu isə transfer işlərinin yalnız futbolçu satmaq və almaq prinsipi ilə deyil, konkret plan və strategiya əsasında aparıldığını göstərir.
İstər baş məşqçi Yuri Vernidub, istərsə də klub rəhbərliyi açıqlamalarında dəfələrlə bildiriblər ki, “transfer xətrinə transfer” etmək “Neftçi”nin yanaşması deyil.
Hər bir keçid komandanın ehtiyacları, futbolçunun keyfiyyətləri və baş məşqçinin oyun fəlsəfəsinə uyğunluğu nəzərə alınmaqla həyata keçirilir.
“Neftçi”də transfer strategiyası plan üzrə həyata keçirilir.
Heyətin komplektləşdirilməsi, futbolçuların bazar dəyərinin artırılması və uyğun məqamda satışların reallaşdırılması istiqamətində görülən işlər göstərir ki, klub daha sağlam transfer modelinə keçib.
SPORTİNFO.AZ
