"Malyorka"nın hücumçusu tezliklə "Neftçi"nin formasını geyinə bilər.
Saytımız bu yöndə yeni məlumat əldə edib.
Klub rəhbərliyi Yuri Vernidubun istəyi üzərinə səfərbər olub.
Baş məşqçinin xidmətinə maraq göstərdiyi forvard ispaniyalıdır. Müşahidə Şurasının sədrinin müşaviri Kamil Məmmədov onunla yerində danışıqlar aparmaq üçün sözügedən ölkəyə yollanıb.
Hələlik adı gizli saxlanılan ön xətt oyunçusu "Malyorka"nın şərəfini qoruyur. Ötən mövsüm La Liqada çıxış etmiş hücumçusu karyerasını Azərbaycanda davam etdirməyə isti yanaşır.
Aldığımız məlumata görə, tərəflər arasında görüşmələrin ilkin mərhələsi yaxşı keçib.
Transferin reallaşması onun müqavilə ilə məxsus olduğu klubdan asılıdır. «Ağ-qaralar» hazırda təzminatın məbləğini dəqiqləşdirir.
Kamil Məmmədov kifayət qədər təcrübəli idarəçidir. O, FİFA meneceri olaraq bu sahənin bilicilərindən biridir və xarici həmkarları arasında böyük nüfuz sahibidir.
Ukraynalı çalışdırıcı inanır ki, əgər Məmmədov bu işə qol qoyubsa, ispanlarla ortaq məxrəcə gəlmək mümkün olacaq.
Ötən mövsüm Premyer Liqada dördüncü yeri tutan paytaxt təmsilçisi bu yay 6 futbolçu ilə anlaşıb.
Rüfət Abbasov ("Şamaxı"), Qustavo Klisman (”Santa Klara”, Portuqaliya), Endryu Qravilyon ("Peksara" İtaliya), Lyubomir Tupta (AEL, Yunanıstan), Fredi Varqas ("Makkabi" Netanya) və Alen Şkribek (ZTE, Macarıstan) ilə müqavilə bağlanılıb.
"Malyorka"ya gəlincə, onlar bu ildən Sequndada yarışacaq. Keçən sezonun yekununa əsasən, La Liqanı tərk edən 3 klubdan biri olan "Malyorka" son 2 ayda dərin islahatlar aparıb.
Futbolçuların bir qismiylə müqaviləyə xitam verilib. Altı-yeddi nəfərə isə "özünüzə komanda tapsaz, razılaşaq, gedin" xəbərdarlığı edilib.
"Neftçi"nin xidmətinə maraq duyduğu forvard da onların arasındadır.
SPORTİNFO.AZ
