“Neftçi”nin transferinin görünməyən tərəfi: 1 milyon dollarlıq tələbdən daha aşağı məbləğə

11:00 Neftçi 308
“Neftçi”nin transferinin görünməyən tərəfi: 1 milyon dollarlıq tələbdən daha aşağı məbləğə

“Neftçi” avqustun 11-də növbəti transferini rəsmiləşdirib.

"Ağ-qaralar" hücumameylli yarımmüdafiəçi Alen Şkribeki heyətinə cəlb edib.

25 yaşlı macarıstanlı ilə 2+1 illik müqavilə bağlanıb.

Bunadək yalnız vətənində çıxış etmiş Şkribekin sonuncu klubu ZTE olub. O, 2026/27-ci il mövsümündə Macarıstan çempionatının ilk 3 turunun oyunlarında komandasının formasını geyinib, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Ötən mövsüm isə ZTE-nin heyətində ümumilikdə 37 matçda meydana çıxıb, 11 qol, 5 assist müəllifi olub.

Universal futbolçu olan Alen həm yarımmüdafiənin mərkəzində, həm də “10 nömrə” mövqeyində oynayır. Hər iki ayağı işlək olduğu üçün istər sağ, istərsə də sol vinger mövqelərini bağlaya bilir.

2023/24-də “Pakş” ilə ölkə kubokunu başı üzərinə qaldırmış Şkribek 2021-2022-ci illərdə isə Macarıstan U-21 yığmasının heyətində 11 oyun keçirib, 2 qol vurub, 3 assist edib.

Macarın transferi qısa müddət ərzində verilmiş qərarın nəticəsi deyil. Onun transferi üzərində işə klubun skaut departamenti hələ bu ilin mart ayından başlayıb.

Şkribek uzun müddət ərzində izlənilib, göstəriciləri və oyun üslubu ətraflı təhlil olunub. Baş məşqçi Yuri Vernidub da futbolçunun çıxışını bəyənib və transferin reallaşdırılmasını məqsədəuyğun hesab edib.

Ötən mövsümün sonunda tərəflər arasında danışıqlara başlanılıb. Həmin vaxt futbolçunun klubu Şkribekin transferi üçün 1 milyon dollardan artıq təzminat tələb edib.

Mövcud şərtlər daxilində transferi həmin mərhələdə reallaşdırmaq mümkün olmayıb.

Bununla belə, “Neftçi” futbolçunu gündəmdən çıxarmayıb və onunla bağlı iş davam etdirilib.

Nəticədə danışıqların son mərhələsində daha əlverişli şərtlər əldə olunub və Şkribekin transferi ilkin tələb olunan məbləğdən kifayət qədər aşağı, klub üçün çox uyğun qiymətə həll edilib.

Bu transfer “Neftçi”nin doğru zamanı gözləyərək daha sərfəli şərtlərlə futbolçu əldə etmək strategiyasının nəticəsidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 Avqust 17:30 Çək və bizə göndər!