Avrokuboklara vəsiqə və titullar uğrunda gərgin mübarizəyə şahidlik etdiyimiz dönəmdə “Neftçi” azarkeşləri həvəslənib.
Çempionata uğursuz start verən “ağ-qaralar”ın son 5 oyunun 4-də qalib gəlməsinə baxmayaraq, “Zirə”ylə son matçda 3 xalının hakimlər tərəfindən əlindən alımnası (1:1) fanatların səbr kasasını daşırıb.
Növbəti rəqibin adı prinsipial statusa malik “Qarabağ”dır.
İlk milli çempionatdan bu günə qədər davam edən intriqa hələ də aktuallığını qoruyub-saxlamaqdadır. Vaxtdan, vəziyyətdən, məkandan asılı olmayaraq, “Qarabağ”la “Neftçi”nin adı eyni anda çəkiləndə futbolsevərlərin üzü gülür.
Ağdam təmsilçisinin çempionluq titulundan uzaq düşüb, ölkə kubokunda mübarizəni yarımfinalda dayandırması “Neftçi”ylə oyunun gərgin keçəcəyindən xəbər verir.
Ağ-qara rənglərə könül verənlər sevimli komandalarını tək buraxmamaq üçün “”Palms Sports Arena”nı doldurmaq qərarına gəlib. Artıq neçə gündür bu yöndə təbliğat işləri aparılır. Məqsəd oyun günü arenada boş yer qoymamaqdır.
Matçın şənbə gününə təsadüf edib, uyğun vaxtda - saat 19:00-da start götürməsi tərəfdarların üzünü güldürən məqamdır. Həmin gün havanın yağışlı olmaması və sinoptiklərin proqnozuna əsasən 15 dərəcə isti göstərməsi stadionda boş yer tapılmayacağına işarədir.
Cari mövsümdə “ağ-qaralar”ın ev oyunlarını keçirdiyi stadiona ən çox azarkeş 23-cü turda gəlib. “Turan Tovuz”la baş tutan qarşılaşmanı 4200 nəfər stadionda izləyib.
Bu, o deməkdir ki, “Neftçi” – “Qarabağ” oyununda həm də “Palms Sports Arena”da cari mövsüm üçün nəzərdə tutulan azarkeş sayı ilə bağlı rekord yenilənəcək.
Çünki şənbə günü saat 19:00-da başlayacaq matçı 7-8 min azarkeşin canlı izləyəcəyi şübhə doğurmur. Göstərilən sayın artıq olmaq ehtimalı yüksəkdir.
HƏBİB / SPORTİNFO.AZ

