Misli Premyer Liqasında 29-cu turun ən diqqətçəkən oyunu, heç şübhəsiz “Neftçi” ilə “Qarabağ” arasında keçiriləcək.
Əzəli rəqiblərin dueli ikinci “100-lüy“ə keçid edir.
Belə ki, bu, komandaların çempionat çərçivəsində 101-ci matçı olacaq. “Ağ-qaralar“ 3 xal qazansa, avrokuboklara vəsiqə qazanmaq şansını yaxşılaşdıracaq. Bu, təkcə nəticə baxımından komandanı ayaqda saxlamayacaq, həmçinin futbolçuların maddi durumuna da müsbət təsir göstərəcək. Klub rəhbərliyi derbiyə böyük mükafat təyin edib. Əsas heyətdə yer alacaq oyunçuların hər birini 10 min manat civarında mükafat gözləyir.
“Qarabağ” qələbə sayında rəqibini ikiqat qabaqlayır - 46:23. Həmçinin top fərqində də fərq böyükdür. Ağdamlıların 142 qoluna paytaxt təmsilçisi 84 topla qarşılıq verə bilib.
Yuri Vernidubun gəlişindən sonra yaxşı forma yığan “ağ-qaralar” bu mövsüm titulsuz qalmaq riski yaşayan “köhlən atlar” önündə uğursuz seriyanı qırmağa çalışacaq. Təsadüfi deyil ki, “Qarabağ” son 10 matçın hamısında qələbə qazanmağı bacarıb. Hətta bunun 5-də böyük hesab qeydə alınıb.
“Neftçi”nin əzəli rəqibi üzərində son qalibiyyəti 5 il əvvələ təsadüf edir. Bakılılar çempion olduqları 2020-21 mövsümünün evdə keçirdiyi son qarşılaşmasında məhz bu rəqibini 1:0 hesabı ilə üstələyib.
Həmin vaxtdan bəri baş tutan 17 oyunun yalnız 1-də “Neftçi” rəqibindən 1 xal ala bilib. Qalan görüşlərin hamısında “Qarabağ” 3 xalı aktivinə yazdırıb.
Hətta “Neftçi”nin son 6 oyunda qol üzünə həsrət qaldığını da vurğulamaq lazımdır. “Ağ-qaralar” 2 ildir – yəni 2024-cü ilin matından bəri bu rəqibini mərkəzə dəvət edə bilməyib.
Bu gün “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu saat 19:00-da başlayacaq.
SPORTİNFO.AZ

