“Sabah”la ardıcıl iki oyunda məğlub olan “Qarabağ” bu dəfə “Neftçi”ylə iki dəfə qarşılaşmağı məcburdur.
Aprelin 26-da Premyer Liqanın 29-cu turunun oyunu baş tutacaqsa, aprelin 30-da 21-ci turda təxirə salınmış görüş gerçəkləşəcək.
Ağdamlılar son həftələrdə özünə bənzəmir, martın 20-dən bu yana olan 2 ayda cəmi 1 qələbəyə sevinib.
“Ağ-qaralar” isə əksinə, inanılmaz sürət yığmaqla 5 matçın 4-də qələbə qazanıb, sonuncu qarşılaşmada hakimlərin kobud səhvi ucbatından “Zirə”ylə 1:1 bərabərə qalıb.
Avrokuboklara vəsiqəyə can atan “Neftçi” “Qarabağ”la oyunlardan maksimum xalla ayrılmaq istəyir.
Bunu biz yox, paytaxt təmsilçisinin beninli legioneri Sessi D’Almeyda deyir.
Beninli yarımmüdafiəçi prinsipial qarşılaşma öncəsi Sportinfo.az-a açıqlama verib:
“Komandada inanılmaz motivasiya var. Hətta “Zirə” ilə matçda qələbə qazana bilməməyimiz belə, bizi yolumuzdan döndərə bilməz.
Çünki həmin gün qələbəyə layiq futbol sərgiləmişdik və 3 xal haqqımız idi.
“Qarabağ”la “Neftçi”nin oyunları Azərbaycan derbisi adlanır. Bu adın özü bizə 100 faizlik motivasiya verir.
Vəziyyətimiz elədir ki, bundan sonra bütün görüşlərdən qalib ayrılmalıyıq. “Qarabağ”ın vəziyyətinə yox, öz oyunumuza diqqət yetirməliyik.
Rəqibin adının fərqi yoxdur. “Qarabağ” olsun, yaxud başqa komanda – meydana yalnız və yalnız 3 xal üçün çıxacağıq. 2 oyunda 6 xal qazanmaq əla olar”.
Aprelin 26-da”Palms Sports Arena”da baş tutacaq oyun saat 19:00-da start götürəcək.
HƏBİB

