"Bu “Neftçi” istənilən komandanı məğlub etməyə qadirdir" - İddiaya bax!

21:20 Neftçi 208
"Bu “Neftçi” istənilən komandanı məğlub etməyə qadirdir" - İddiaya bax!

“Qələbəni ilk növbədə öz səhvlərimizə görə əldən verdik. Sona yaxın “Zirə”yə üstümüzə gəlmək imkanı verdiyimiz üçün”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin legioneri Sessi D’Almeyda deyib.

Premyer Liqanın 28-ci turu çərçivəsində baş tutan “Zirə” – “Neftçi” matçında qonaqlar qələbəyə yaxın olsa da, Brahim Konate son saniyələrdə vurduğu qolla komandasına 1 xal qazandırdı.

“Zirə”nin bərabərlik qolu böyük şübhələrə yol açdı ki, həmin epizodda “qartallar”ın kapitanı Ruan Renato rəqib qapıçı Kenan Piriçin görmə bucağını məhdudlaşdırmışdı. Lakin baş hakim İnqilab Məmmədov qolu qeydə aldı.

Benin millisinin də şərəfini qoruyan 30 yaşlı yarımmüdafiəçi qələbə qazanmaq üçün daha diqqətli olmağın vacibliyindən söz açıb:

“Sona yaxın “Zirə”nin üstümüzə gələcəyini bilirdik. Çünki onlara qol lazım idi.

Belə məqamlarda təzyiqə tab gətirmək, nəzarəti əldən verməmək, diqqətli və soyuqqanlı olmaq mütləqdir. Oyunun sonlarını ilk hissədəki kimi keçirsəydik, “Zirə” heç nə edə bilməyəcəkdi.

Günahı özümüzdədir. Rəqibin vurduğu qol zamanı qaydanın pozulub-pozulmadığına da baxmaq lazımdır. Çünki hakimin yanlış qərar verməsi ilə bağlı iddialar var”.

Sessi “Neftçi”nin yüksələn qrafik üzrə hərəkət etməsindən və baxımlı futbol oynamasından da söz açıb:

“Bu gün möhtəşəm oynadığımızı düşünürəm. Komanda şəklində əla performans nümayiş etdirdik. Qol vurduq, bir neçə qol imkanı yaratdıq. Son 10 dəqiqəni çıxsaq, “Zirə”yə boş zona və rahatlıq vermədik.

Hazırkı “Neftçi” istənilən rəqibi məğlub etməyə qadirdir. Az öncə dediyim kimi, vacib anlarda daha çox diqqətli olmalıylq”.

Rəqibləri ilə müqayisədə 1 oyun az keçirən “Neftçi” 28 turdan sonra topladığı 44 xalla 5-ci pillədə qərarlaşıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti