Dövlətin məsul adamı da “Neftçi”yə görə işə qarışdısa... Bu mesaj nədən xəbər verir?

16:40 Neftçi 285
Dövlətin məsul adamı da “Neftçi”yə görə işə qarışdısa... Bu mesaj nədən xəbər verir?

Premyer Liqanın 28-ci turu çərçivəsində baş tutan “Zirə” – “Neftçi” qarşılaşması (1:1) ciddi müzakirələrə və şübhələrə yol açdı.

Baş hakim İnqilab Məmmədovun zirəlilərin bərabərlik qolunu qeydə alması, VAR-a ehtiyac duymaması və ya çağırılmaması görüşü izləyənlərdə suallar yaratdı.

Brahim Konatenin qol vurduğu anda Ruan Renatonun Kenan Piriçin topu görmə bucağını məhdudlaşdırması oyun qaydalarına zidd olararaq qəbul olunmadı ki, nəticədə matç 1:1 hesabı ilə başa çatdı.

Azərbaycan Respublikasının elm və təhsil naziri, eləcə də “Neftçi”nin Müşahidə Şurasının sədri Emin Əmrullayev yaşananlara biganə qalmayıb.

Nazir özünün “feysbuk” hesabında “Neftçi”nin loqosunun şəklini paylaşaraq lazımi şəxslərə mesaj göndərib.

Bu, sıradan paylaşım deyil, mənası dərindir.

2023-cü ildən Müşahidə Şurasının üzvü olan şəxs dolayı yolla bildirmək istəyir ki, “Neftçi” sahibsiz deyil, hər şey nəzarətdədir. Səhv və ya qərəz sıralanacağı halda ciddi tədbirlərə əl atılacaq.

Xüsusi nüfuza sahib şəxsin bu addımı atması artıq qabdakı suyun daşmaq üzrə olduğuna işarədir. Cari mövsümdə “Neftçi”yə qarşı növbələnən hakim səhvləri artıq ənənə halını alıb. Və bu şəkildə davam etməkdədir.

Emin Əmrullayev daxili futbol yarışları zamanı stadionlara təşrif buyuran tək-tük nazirlərdəndir.. Bəlkə də yeganə adamdır. Dekabrda bölgədə baş tutan “Karvan-Yevlax” – “Neftçi” qarşılaşmasına görə Bakıdan Yevlaxa yollanması ölkənin ən köklü klubuna olan sevgisinin göstəricisidir.

Özü illərdir ağ-qara rənglərə könül verir, futbolun A-sından Z-sinə qədər hər şeydən xəbərdardır. Yəni kresloda oturub boş yerə əl çalanlardan, yaxud futbolun yalnız topdan və 22 futbolçudan ibarət olduğunu bilənlərdən deyil.

O da hiss edir ki, bir komandaya qarşı bu qədər səhv təsadüfün “məhsulu” ola bilməz. Mütləq ki, hansısa əmma var.

Dözdü, müşahidə etdi, incələdi, axır ki, sosial şəbəkə vasitəsi ilə olsa belə, lazım olan adamlara və qurum(lar)a önəmli mesaj göndərdi.

“Neftçi”yə qarşı məlum münasibətin sonu heç də yaxşı olana oxşamır. Bunun səsi pis çıxacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti