Bu dəfəki “Zirə” – “Neftçi” qarşılaşması da hakim idarəçiliyi ilə bağlı şübhələrə yol açdı.
Xüsusən matçın sonlarına yaxın Brahim Konatenin vurduğu qol zamanı “Zirə”nin kapitanı Ruan Renatonun rəqibin qapıçısı Kenan Piriçin görmə bucağını məhdudlaşdırmasına baxmayaraq, qolun qeydə alınması “Neftçi” cəbhəsində ciddi narazılıq yaratdı.
Hesab bərabərləşən anda meydan sahiblərinin iki futbolçusu – Junior Martinslə Brahim Konate qonaq komandanın ehtiyat oyunçular skamyasında əyləşənlərə qarşı jest edərək onları təxribata çəkməsi odun üstünə yanacaq tökdü.
Kütləvi insidentin səbəbkarları – Martinslə Konate, eləcə də “Neftçi”nin üzvü Emil Balayev canını sarı vərəqə ilə qurtardısa, Rəşad Sadıqovun köməkçisi Ağabala Ramazanov qarşısında qırmızı vərəqə gördü.
Etirazını davam etdirən “ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidub ilk həmlədə hakim tərəfindən sarı vərəqə ilə cəzalanmışdı. Lakin ukraynalı çalışdırıcının bir az da “dərinə” getməsi İnqilab Məmmədovu “qırmızı”ya təhrik etdi.
Oyun başa çatandan sonra daha bir qırmızı vərəqə göstərildi.
Matçın şərhçisi oyunu televiziya qarşısında izləyənlərə vərəqənin Emin Mahmudova göstərildiyini bildirsə də, tribunada yer alanlar Vensan Abubakarın hakimin sərt üzünü gördüyünü düşündü.
Halbuki vərəqənin sahibi nə Mahmudov idi, nə də Abubakar.
Vernidubun köməkçisi Dmitro Kara Mustafa hakimlərə kəskin narazılıq bildirdiyi vəxəbərdarlığa məhəl qoymadığı üçün qarşısında “qırmızı” görüb.
Odur ki, “Qarabağ”la aprelin 26-da baş tutacaq oyunda baş məşqçi Yuri Vernidubla köməkçisi Dmitro Kara Mustafa texniki zonada yer ala bilməyəcək. Futbolçulardan Breno Almeyda da cəzalı duruma düşüb.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

