“Neftçi” Misli Premyer Liqasının 28-ci turunda “Zirə” ilə keçirilən gərgin oyundan (1:1) sonra sosial şəbəkə hesabında hakim qərarına etiraz edib.
Paytaxt təmsilçisi 90+4-cü dəqiqədə buraxılan qolun videosunu paylaşaraq həm baş hakim İnqilab Məmmədovu, həm də VAR hakimlərini hədəf alıb.
Klub paylaşımında “Bütün Azərbaycanın gördüyü ofsayd hakimlər və VAR-ın “gözündən yayındı”. Yoxsa elə ssenari bu imiş?” qeydini də əlavə edib.
Məhz bu qola və qərarın dəyişməməsinə etiraz etdikləri üçün baş məşqçi Yuri Vernidub və texniki zonada yer alan bəzi futbolçular qırmızı vərəqə alaraq meydandan qovulub.
Aldığımız məlumata görə, “Neftçi“ rəhbərliyi bu hadisənin üstündən AFFA-da çalışan həmkarları ilə görüşməyi planlaşdırır. Həmin toplantı ən qısa müddətdə baş tutmalıdır.
Belə ki, paytaxt təmsilçisi cari mövsümdə komandanın əleyhinə verilmiş yanlış hakim qərarlarının əks olunduğu hesabat hazırlayıb.
“Ağ-qaralar“ əmindir ki, “fit sahibləri“nin onlara münasibəti qərəzlidir.
Görüşdə məqsəd bu kimi halların səbəblərini araşdırmaq və mənfi tendensiyaya son qoymaqdır.
SPORTİNFO.AZ

