Premyer Liqanın 28-ci turunun oyunlarının hər biri turnir cədvəlindəki vəziyyətə görə prinsipial əhəmiyyət daşıyır.
Çempionluq uğrunda mübarizə aparan “Qarabağ”la “Sabah”, avrokuboklara vəsiqə qazanmağa çalışan “Zirə” – “Neftçi”, “Araz-Naxçıvan” - “Turan Tovuz”, elitada qalmağı hədəf seçən “Kəpəz” – “İmişli” görüşlərinin hər biri gərginliyi ilə yadda qalacaq.
Turun ilk oyun günündə baş tutacaq “Zirə” – “Neftçi” qarşılaşmasının yekun nəticəsi ciddi əhəmiyyət daşıyır.
Ardıcıl 4 oyunda qələbə qazanaraq sıralamada “Araz-Naxçıvan”la “Sumqayıt”ı geridə qoyan “ağ-qaralar” indi də 4-cü pilləni ələ keçirməyə can atır.
Hazırda həmin yerdə “Zirə” qərarlaşıb ki, qəsəbə təmsilçisi “Neftçi”ni 1 xal qabaqlayır.
Bu, o deməkdir ki, Yuri Vernidubun çalışdırdığı kollektiv ardıcıl 5-ci qələbəyə sevinsə, 4-cü pilləyə yüksələcək.
Üstəlik, ehtiyatda “Qarabağ”la oyun var. Bu matçdakı mümkün heç-heçə, yaxud qalibiyyətlə bakılılar avrokuboklara vəsiqə uğrunda ciddi addım atacaq.
Vernidubun gəlişindən sonra 12 görüşdə meydana çıxan “Neftçi” 8 qələbə qazanıb, 3 dəfə heç-heçə edib, yalnız “Turan Tovuz”a məğlub olub. Bir sözlə, düşərgədə əhval-ruhiyyə və motivasiya pik həddədir.
Eyni sözləri “Zirə” haqda demək çətindir. “Qartallar” son 5 oyunda yalnız 1 qələbəyə sevinib ki, “Karvan-Yevlax”ı yeganə qolla məğlub etmək mümkün olub.
“Kəpəz” və “Şamaxı” ilə Zirədə qeydə alınan heç-heçələr, “Qarabağ”a məğlubiyyət və “Sabah”la 2:2-lik bərabərlik “Zirə”də hazırkı vəziyyətin ürəkaçan olmadığını göstərir.
Zirəlilər öz meydanında sonuncu dəfə 20-ci turda – fevralın 2-də “Karvan-Yevlax”ı 1:0 hesabı ilə məğlub edib. Növbəti 3 qarşılaşmada 2 heç-heçə və 1 yenilgi qeydə alınıb.
Yeri gəlmişkən, “Neftçi” son 3 matçda “Zirə”ni məğlub edə bilməyib. Cari mövsümdə 2 halda xallar bölünübsə, öötən mövsümün sonuncu qarşılaşmasında Rəşad Sadıqovun komandası 4:2 hesabı ilə üstün olub.
“Neftçi” “Zirə”ni çempionatda sonuncu dəfə ötən ilin fevralında, yəni 14 ay əvvəl üstələyib. Maraqlıdır ki, həmin görüş Zirədə baş tutub və qonaqlar 2:1-ə sevinib.
Bu komandalar arasında xüsusən qəsəbədə keçirilən qarşılaşmalar gərginliyi ilə yadda qalıb.Ümid edək ki, azarkeşlər bu dəfə də əsl futbol şousu izləyəcək.
Aprelin 17-də gerçəkləcək duel saat 19:30-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ

