Danilo Beskorovaynıyın mövsümün sonu "Sumqayıt"dan ayrılacağını xəbər vermişdik.
Ukraynalı müdafiəçinin böyük ölçüdə yeni klubu da bizə məlum olub.
"Neftçi" 27 yaşlı arxa xətt oyunçusunun xidmətində maraqlıdır.
Yuri Vernidub Danilonu sərəncamında görməkdə israrlıdır.
Ukrayna U-20 millisinin sabiq üzvü də "ağ qaralar"ın təklifinə isti yanaşır.
O, son anda nəsə baş verməsə, yeni mövsüm "Neftçi"nin formasını geyinəcək.
Danilo Beskorovaynıy qış fasiləsində 6 aylıq "kimyaçılar"a icarəyə gəlib.
Arxada qalan müddətdə 10 görüşdə meydana çıxıb.
Onun məxsus olduğu "Polissya" ilə müqaviləsi yayda bitir.
Danilo Beskorovaynıy karyerası ərzində “Polissya” ilə yanaşı Ukraynanın “Volın”, “Krivbas”, Litvanın “Atlantas”, Slovakiyanın “Mixalovtse”, “Dunayska Streda”, Qazaxıstanın “Astana” klublarında çıxış edib. O, Ukraynanın U-20 millisində 9 oyun keçirib.
XANOĞLAN / SPORTİNFO.AZ

