"Neftçi" Sumqayıtda növbəti 3 xala sevindi.
Emin Mahmudov, Bassala Sambunun zədə səbəbindən oyunu buraxması da qələbəyə mane olmadı.
Fasiləyə 1:0 öndə yollanan "ağ qaralar" ikinci yarının əvvəlində kruyoz qolla sarsıldı.
Kenan Piriç mövsümdə növbəti dəfə kobud səhvlə yadda qaldı. Halbuki bir neçə saniyə əvvəl kritik seyvlə diqqət çəkmişdi.
Kiper hələ də tam sabit çıxış etməkdə axsayır.
Yuri Vernidub isə mövsümə uğursuz başlayan, nəinki axsayan, hətta qol-qanadı qırılıb yanına düşən "Neftçi"ni əməlli-başlı dirildib.
Meydanda bir mexanizm çalışır.
Nə Eminin yoxluğu bilindi, nə də Sambunun.
Heç Abubakarın da...
Onlarsız belə hücuma çıxmaq, qol imkanlarını yaxalamaq problemə çevrilmədi.
Buraxılan qoldan sınmayan "ağ qaralar" cəmi 12 dəqiqə sonra yenidən önə çıxdı.
Görüşdə nöqtəni ikinci yarıda meydana çıxan 34 yaşlı Abubakar qoydu.
Kamerunlu ulduza fərqlənmək üçün cəmi 8 dəqiqə bəs etdi.
Ukraynalıya qədər gününü ehtiyatda keçirən Emil Səfərov hər oyun daha yaxşı olmaqdadır.
Freddi Varqas bu dəfə də səhnəyə çıxmağı bacardı. "10 nömrə" bir qol, bir məhsuldar ötürmə ilə yadda qaldı. Hələ bir qolu da oyundan kənar vəziyyət səbəbindən qeydə alınmadı.
Hə, bəlkə kimsə yenə deyə bilər ki, əşşi rəqib "Sumqayıt" idi də...
Həqiqətən, bu gün "Kimyaçılar" pis günlərini yaşayır.
Mövsümə əla başlayan Saşa İliç qış yuxusundan kollektivi ayılda bilmir.
10 oyundu qələbə üzünə həsrət qalan Sumqayıt təmsilçisi bu müddətdə "Kəpəz"ə 0:3 uduzub.
Aşkar autsayder "Karvan-Yevlax"la bacarmayıb. Serbiyalı yol üstündədir. Hətta istefasının gecikdiyini də deyə bilərik. Futbolçular faktiki özünə bənzəmir. Düşərgədə ciddi çatlar var. İliç də həmin çatlar arasında yox olub, başsız qalıb, başını itirib.
Belə bir rəqibi "Neftçi" udmaq məcburiyyətindədir. Bugünkü "Sumqayıt"ı da udmayıb kimi udacaq?
Bu cür yanaşmada həqiqət payı az deyil.
Amma bir də boylanaq Vernidubun gəlişinə qədər "Neftçi"nin keçirdiyi oyunlara.
Bəli, formada olan "Sumqayıt"ı səfərdə udmaq mümkün olmuşdu, əvəzində "İmişli", "Karvan-Yevlax" kimi aşkar autsayderlərlə görüşdə 7 xal itirilib. Bu gün həmin xallar olsa, "Neftçi" avrokuboklar uğurunda da yox, çempionluq mübarizəsində ola bilərdi.
Vernidub gələndən sonra bakılılar keçirdiyi 11 görüşdə cəmi bir məğlubiyyət alıb.
Digər 10 görüşdə 7 dəfə qələbəyə sevinib.
Bundan sonra ukraynalıya dil uzatmaq yox, yeni müqavilə təklif etmək, yeni mövsümün planlarını indidən qurmaq olar.
Hətta avrokuboklara getmək mümkün olmasa belə.
XANOĞLAN / SPORTİNFO.AZ

