Sportinfo.az “Neftçi”nin braziliyalı müdafiəçisi İqor Ribeyronun müsahibəsini təqdim edir:
- Misli Premyer Liqasının 26-cı turunda “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub etdiniz. Qələbəni necə şərh edərdiniz?
- Çətin oyun oldu. Belə olacağını əvvəldən də bilirdik. Çünki Sumqayıt səfərləri həmişə çətin keçir. Lakin bizim də yaxşı heyətimiz var, güclü komandayıq. Həftə boyu yaxşı çalışdıq və qələbə qazandıq.
- İkinci hissəyə rəqib fəal başladı və hesabı bərabərləşdirdi. Demək olar ki, “Sumqayıt”ın vurduğu qol “Neftçi”ni ayıltdı?
- Tamamilə doğrudur. İkinci hissəyə rəqib yaxşı başladı. Gözləmədiyimiz qol buraxdıq. Yalnız bundan sonra ayıldıq. Qapımızda gördüyümüz qola yaxşı reaksiya verdik və dərhal yenidən hesabda önə keçdik.
- Yağışın oyuna nə dərəcədə təsiri oldu?
- Hamımız uzun müddətdir futbol oynayırıq. Ona görə də bu cür hallara hazırıq.
- “Neftçi” artıq turnir cədvəlində beşincidir. Avrokuboklar şansını necə dəyərləndirirsiniz?
- Qarşıdan bizi çətin oyunlar gözləyir. Hər matça hazırlaşacağıq. İndi avrokubokları yox, yalnız qarşıdakı matçı düşünürük. İnanıram ki, oyundan oyuna qarşımıza qoyduğumuz məqsədə çatacağıq.
- Qeyd etdiyiniz kimi, qarşıda “Neftçi”ni 4 çətin oyun gözləyir – “Araz-Naxçıvan”, “Zirə” və “Qarabağ”la 2 matç. Komandanız bu sıx qrafikə nə dərəcə hazırdır?
- “Neftçi” həmişə hər oyuna hazırdır. Bu matçlara da tam gücümüzlə, ciddi şəkildə hazılaşacağıq.
- Bu 4 matçda qazanılacaq neçə xal sizi razı salacaq?
- Konkret xal demək çətindir. Çünki hər bir matç çətin keçəcək. Əlimizdən gələni edəcəyik ki, maksimum dərəcədə daha çox xal qazanacaq və qarşıya qoyulan hədəfə bir az da yaxınlaşaq.

