“Son iki qələbədən sonra komandada əla ab-hava hökm sürür.
Bundan sonra bizə ardıcıl qələbələr lazımdır”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin hücumçusu Alessio Kurçi deyib.
23-cü turda öz meydanında “Turan Tovuz”a boyun əyən (0:1) “ağ-qaralar” növbəti ilə görüşdə “Qəbələ”ni 3:1, “İmişli”ni 6:0 hesabı ilə məğlub etməyi bacardı.
İndi isə növbədə “Sumqayıt”dır.
Həmin “Sumqayıt” ki, son 7 oyunda qələbə üzünə həsrət qalıb, bu müddətdə yalnız 2 heç-heçə ilə diqqət çəkib.
Lüksümburqlu xal ehtiyatını artırmaq üçün əllərindən gələni edəcəklərini gizlətməyib:
“Sumqayıt”ın hazırkı vəziyyətdə olması bizi maraqlandırmır. Əksinə, bu fakt rəqib komandanı doğma meydanda daha istəkli olmağa, qələbə qazanmağa məcbur edir.
Diqqəti öz oyunumuza yönəltməliyik. Müdafiədə az səhv edib, hücumda effektivliyi artırmaqla gücümüzü ortaya qoymalıyıq.
İlk dövrədə Sumqayıtda keçirilən oyunda qol vurmuşdum. Ümid edirəm ki, bu dəfə də qol vuracağam.
Təbii ki, baş məşqçimiz mənə şans versə. Ora qələbə dalınca gedəcəyik.
Bundan sonra xal itirmək şansımız yoxdur. Ümid edirəm ki, səfər matçında bizi dəstəkləyəcək azarkeşlərimizin köməyi sayəsində qalibiyyəti birlikdə bayram edəcəyik”.
Aprelin 5-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq görüşün start fiti saat 18:00-da çalınacaq.
HƏBİB

