Yuri Vernidubu görəvə gətirəndən sonra «Neftçi» turnir cədvəlində özündən yuxarıda mövqe tutan komandalarla bir neçə dəfə qarşılaşıb.
Ukraynalı baş məşqçi hələ bu oyunlardan qələbə çıxara bilməyib.
«Araz-Naxçıvan»la matçı hesaba qatmasaq. «Sumqayıt» və «Zirə»dən 1 xal alıblar. «Turan Tovuz»a da o gün yenildilər.
Bu məğlubiyyəti Vernidubun ayağına yazmaq lazımdır. Yaşı 60-ı haqlayıb deyə, ukraynalının taktiki səhvlərini, rəqibə səhv yanaşmasını qeyd etməməliyik ki?
Axı bu, haradan çıxdı. Səhv yaşa baxmır.
Vernidub futbolçularından topsuz çox qaçmağı tələb edir. Sən «Qarabağ»la oynamırsan e! Qarşındakı «Turan»dır, səndən güclü deyil.
Vernidub cinah yarımmüdafiəçilərindən 100 metr arxaya çəkilməyi, dayanmadan gedib-gəlməyi istəyəcəksə, belə olacaq - hər dəfə 2-3 nəfəri oyunun ortasında «sudurqa» tutacaq, 90 dəqiqəni tamamlaya bilməyəcək.
Bu heyəti Samir Abasov yığıb. Öz baxışlarına, oyun tərzinə məqbul sayaraq. Yuri Vernidub belə vacib nüansa əhəmiyyət vermirsə, əlbəttə ki, «Neftçi» medallara iddialı komandalarla qarşılaşmalarda büdrəyəcək.
Mövsümün ortasında iş başına keçən məşqçi əvvəlkindən 180 dərəcə fərqli modelə üz tutmamalıdır.
İxtiyarındakı heyəti birdən-birə dəyişmək imkanı yoxdursa, taktiki fəlsəfəsini tədricən həyata keçirməlidir, topla oynamağı sevən futbolçuları künc bayrağına qədər geri çəkməməlidir.
İmad Farajdan bunu istəyəndə, o da önə yönələn pas verməyəcək, yan ötürmələri «işə salacaq».
ELXAN

