Misli Premyer Liqasının 23-cü turunda “Turan Tovuz”la oyun “Neftçi”nin cari mövsüm üçün tamaşaçı rekordu ilə yadda qalıb.
Sportinfo.az xəbər verir ki, “Palms Sports Arena”da baş tutan matçı 4200 tamaşaçı izləyib.
Bu mövsüm çempionatda 11 ev görüşünə çıxan “Neftçi”nin ilk dəfə doğma arenasındakı qarşılaşmasına 3000-dən çox fanat toplaşıb. Buna qədər “ağ-qaralar”ın mövsümlük rekordu 2800 azarkeş idi.
Cari mövsüm “Neftçi”nin ev oyunlarına ümumilikdə 21 793 azarkeş gəlib. Paytaxt təmsilçisi bu baxımdan çempionatın ən yüksək göstəriciyə malik üçüncü komandasıdır.
Zirvədə “Qarabağ” qərarlaşıb. Ağdam təmsilçisinin 13 ev oyununda 29 315 nəfər olub. “Sumqayıt” isə 11 görüşdə 27 510 azarkeş toplamaqla ikinci sıradadır.
“Neftçi” – “Turan Tovuz” oyunu həm də bu mövsüm ən çox tamaşaçının izlədiyi 7-ci görüş olub. Rekord hələ ki, 22-ci turun “Qarabağ” – “Sabah” (10 361) qarşılaşmasına məxsusdur.

