“Neftçi”nin bu oyunla Avropada nə işi var?

10 Mart 23:00 Neftçi 116
“Neftçi”nin bu oyunla Avropada nə işi var?

“Neftçi” – “Turan Tovuz” qarşılaşmasından əvvəl yazmışdım.

Ki, meydan sahibləri bu mübarizədən qalib ayrıla bilməsə, avrokubok kitabını bağlasın.

Bağladı! Bağlandı!

Qərb təmsilçisi ağıllı və layiqli futbolla haqq etdiyi 3 xalı aktivinə yazıb 3-cü pillədəki mövqeyini möhkəmləndirdi.

“Neftçi” fərdi ustalığı yüksək olan bəzi futbolçuların hesabına nəsə etməyə çalışırdı. Lakin o cür futbolla uzağa getmək mümkün deyil. Avropaya ayaq basmaq istəyən komanda futbol oynamalıdır, futbol.

Futbolun necə oynanıldığını Kurban Berdıyevin kollektivi necə lazımdır göstərdi. Ağıllı müdafiə olunmaq, yarımmüdafiədə top saxlamaq, cərimə zərbəsi qazanmaq, hücumlar zamanı sürətli davranmaq hesabına qapısında top görmədi, əksinə, 3 xalı gətirən vacib qolu vurmağı bacardı. Qol da nə qol.

Bakılıların əsl gücü “Turan Tovuz”la qarşılaşmada göründü.

“Neftçi”də ciddi mənada heç nə dəyişməyib. Mövsümün əvvəlində gördüyümüz komandadır. Sadəcə 7 oyunluq məğlubiyyətsiz seriya əhval-ruhiyyəni qaldırıb, qələbə istəyini artırıb. Sürət yox, məntiqli hücumlar yox, təzyiq yox, qol vəziyyətləri yox dərəcəsində.

“Sumqayıt”la matçda 2:0 qələbəni qoruya bilməyən, səfərdə “Karvan-Yevlax”a son saniyə qolu ilə qalib gələn, doğma meydanında “Zirə”ylə bərabərə qalan, Şamaxı səfərindən 1 xalla qayıdan komandanın əsl yeri elə “7-lik”dir, “4-lük” yox.

Niyə “4-lük” olsun ki? “4-lük”də olmaq üçün orada yer alan komandaları hər dəfə də olmasa, bəzən məğlub etmək lazımdır.

“Qarabağ”a boyun əyib, “Sabah”a bir dəfə uduzub, digərində bərabərə qalıb, “Turan Tovuz”a iki dəfə məğlub olub, birində heç-heçə oynayıb, “Zirə”ylə hər iki cəhddə xalları yarı bölüb.

Avrokubok iddiaçıları sayılan dörd əsas rəqibini bir dəfə də uda bilməyib.

İndi siz deyin, bu komandanın Avropada nə işi var?

Avropaya getmək istəyən komanda əsas rəqiblərini məğlub edər, hər imkanda günahı hakimlikdə axtarmaz, rəqib qapısına 5 zərbə endirib bəxtsizlikdən gileylənər, dominant futbol oynayar, qələbələri muncuq kimi ipə düzər.

“Neftçi”də bunlardan hansı var?

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti