"Neftçi" üçün həlledici an yetişdi - Bu da SON ŞANS!

8 Mart 22:05 Neftçi 1 384
"Neftçi" üçün həlledici an yetişdi - Bu da SON ŞANS!

Premyer Liqada 23-cü turun mərkəzi qarşılaşması "Neftçi" və "Turan Tovuz" arasında keçiriləcək.

Avrokuboklar uğurunda mübarizə aparan hər iki komanda üçün qarşılaşmanın əhəmiyyəti böyükdür.

Hər iki tərəf mövsümə çempionluq iddiası ilə başlamışdı. Bu gün isə ən yaxşı halda mövsümü bürünc medalla başa vurmaq şansları qalır.

“Neftçi”dən fərqli olaraq ölkə kubokunda yarımfinal mərhələsinə vəsiqə qazanan “Turan”ın titul qazanmaq şansı olduğunu da bildirək.

Bir tərəfdə Vernidubun gəlişindən sonra məğlub olmayan "Neftçi", digər tərəfdə son 7 matçda yalnız "Qarabağ"a uduzan "Turan" var.

"Ağ qaralar" qələbə qazansa üçüncü pillədə olan rəqibi ilə xal fərqini 7-yə etdirməklə bərabər, "Sumqayıt" və "Araz Naxçıvan"ı da arxada qoymaqla turnir cədvəlində iki pillə irəliləmiş olacaq.

Əks halda aradakı fərq 10-a yüksələcək. Sona 10 tur qalmış bunu qapamaq real görünmür. Deməli, məğlubiyyət bürünc medal şanslarını bir xeyli azaltmış olacaq.

Ölkə kubokunda mübarizəni dayandıran "Neftçi"nin yeganə ümidi liqa yolu ilə avrokuboklara vəsiqə qazanmaqdır.

Belədə bərabərlik də məğlubiyyətə bərabər sayılacaq. Bakılıları yalnız qələbə razı sala bilər.

Ehtiyatda bir oyunu qalan “Neftçi”ni 10 xal qabaqlayan “Turan Tovuz”u ilk baxışdan heç-heçə də qane edə bilər kimi görünür.

Tovuzluları qarabaqara izləyən və cəmi 3 xal gerisində olan “Zirə” bu həftə autsayder “Kəpəz”lə evdə oynayacaq. Rəşad Sadıqovun yetirmələrinin növbəti 3 xalı qazanmaq ehtimalı çox yüksəkdir.

Məhz bu məqam Kurban Berdıyevin də yetirmələrini meydana ancaq qələbə üçün çıxarmağa məcbur edir.

İki cəbhədə mübarizə aparan “Turan”ın həftəiçi “Kəpəz”lə oynadığı üçün daha az dincəlmək imkanı olub.

Ötən həftə Şamaxıda son saniyədə qələbəni əldən verən “Neftçi”ni psixoloji baxımdan görüşdə kökləmək Vernidub üçün heç də asan olmayacaq.

Amma matçdan iki gün öncə kapitan Emin Mahmudov başda olmaqla İmad Faraj, İqor Ribeyro, Freddi Varqas, Elvin Bədəlov və Bassala Sambunun azarkeşlərə çağırış etməsi "Neftçi"nin matça xüsusi hazırlaşdığını göstərir.

Bu görüş Ukraynalı mütəxəssisin ölkəmizdəki ilk ciddi sınağı kimi qəbul edilər.

Onun gəlişindən sonra “Neftçi” “Qarabağ” və “Sabah”la üz-üzə gəlməyib. İddialı rəqiblərdən “Zirə” ilə qolsuz bərabərliyə razılaşıb.

Kollekiv ilk dəfə güclü bir rəqibi məğlub edə bilər.

Çox müzakirə olunur ki, Verndublu “Neftçi” “Kəpəz”, “Karvan”, “Qəbələ” kimi autsayderləri və qara zolaqda olan “Araz Naxçıvan”ı məğlub edib. Əcnəbi mütəxəssis bu dəfə “Turan Tovuz” kimi iddialı və formada olan rəqibi məğlub etməklə səslənən iradları neytrallaşdıra bilər.

Tərəflər arasındakı baş tutan son 10 matçda "Neftçi"nin aşkar üstünlüyü var. 4 görüşdə qalib gələn bakılılar yalnız bir oyunda məğlub olub. Digər 5 görüş sülhlə yekunlaşıb.

Bu mövsüm isə tovuzlular öndədir. Tovuzdakı görüş qolsuz bərabərliklə bitibsə, Bakıdakı matçda "Turan" 1:0 qalib gəlib.

Həmin oyun həm də baş hakim Əliyar Ağayevin ciddi səhvləri ilə yadda qalmışdı. Təcrübəli referinin İqor Ribeyroya verdiyi qırmızı vərəqə, cərimə meydançasında Bassala Sambuya qarşı olan qayda pozuntusuna göz yumması bu gün də müzakirə olunur.

İşin maraqlı tərəfi odur ki, bu görüşə də baş hakim kimi Əliyar Ağayev təyinat alıb.

Oyuna maraq hədsiz böyükdür. Biletlərin satışa çıxdığı gün 3000 biletin satılması bunu deməyə əsas verir. Sonrakı günlər satılan bilet sayı təxminən 4500-ə çatıb. Deməli, oyun günü tribunlar anşlaq olacaq.

Bir sözlə, oyunun əhəmiyyəti, tərəflərin hazırkı vəziyyəti və böyük azarkeş marağı gərgin 90 dəqiqənin keçəcəyindən xəbər verir.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti