Son günlərin əsas müzakirə mövzusu “Neftçi”nin ümidləri doğrultmamasıdır.
Yay fasiləsində rəhbər, məşqçi, futbolçu dəyişikliyinə gedən klubdan gözləntilər çox idi.
Belə yazanda, deyəndə əksəriyyət yanlış başa düşür.
Gözləntilər çox idi deyəndə, kimsə Mutudan qısa müddətdə çempion olacaq, avrokuboklarda uğur qazanacaq kollektiv formalaşdıracağını gözləmirdi.
Söhbət ortada bir sistemin, mexanizmin olacağına bağlanan ümiddən gedir.
Gözlənilirdi ki, rumıniyalı sıfır nöqtəsindən götürülən kollektivlə bəlli bir inkişaf xətti cızacaq.
Açığı, mən heç nə gözləmirdim. Gözləyənlərə sayğı duyub susurdum.
Nə vaxta kimi? Ən azı ilk dövrədən sonra müəyyən qiymət vermək olar.
İlk başdan onu deyək ki, arxada qalan 9 turda hansısa müsbət irəliləyişdən danışmaq mümkün deyil.
Ən azı turnir cədvəli və nəticələr sözümüzün isbatıdır.
Komanda 9 oyundan sonra yığdığı 12 xalla 5-ci pillədə qərarlaşıb.
Liderdən 7 xal geri qalan bakılıları sonuncu pillədə qərarlaşan “Kəpəz”dən də elə bir o qədər xal ayırır.
Rəqib qapıların 7 top keçirən Mutunun yetirmələri bu göstəricidə yalnız sonuncu yerlərdə qərarlaşan “Qəbələ” və “Kəpəz”i qabaqlayır.
Yalnız müdafiə xəttinin nisbətən etibarlı oyunundan danışmaq olar. Öz qapısından 7 top buraxan “ağ qaralar” bu göstəricidə yalnız “Zirə” və “Qarabağ”a uduzur. Hər halda, Mutunu yalnız bunun üçün milyonlar töküb Bakıya gətirməyiblər.
Gördüyünüz kimi, yuxarıdakı faktlar ilk dövrəni “Neftçi” adına gözlər önünə sərən ağır mənzərədir.
Statistikaya o qədər də önəm verməyən biri kimi iddia edə bilərəm ki, nə qədər ağır olsa da belə hazırkı durumdan çıxmaq o qədər də mümkünsüz deyil.
Əgər oynanılan oyun ümidverici olsaydı.
Bugünkü “Neftçi”nin ən böyük problemi odur ki, meydanda sabaha ümid verən, işıq saçan nəsə görünmür.
Adrian Mutu xüsusi bacarığı ilə seçilən futbolçu olub.
Əgər həmin istedadını məşqçi kimi də növbəti dövrələr sərgiləyə bilsə, həm “Neftçi” xilas olar, həm də biz təəccüblənərik.
Əks halda acınacaqlı olan mənzərə hər keçən gün daha da çirkinləşə bilər.
XANOĞLAN İMANOV

