
"Bizim üçün yaxşı oyun oldu. Avstriyadan qayıtdığımıza görə bir az narahat idim.
Komandam Vyanada 120 dəqiqə mübarizə aparmışdı, böyük təzyiq altında idi.
Hamımız Vyanadakı nəticəyə görə üzgün idik. Ona görə bugünkü qələbəyə sevinirəm. Meydanda görmək istədiklərimi gördüm.
Əminliklə deyə bilərəm ki, komandamın bundan da artığına gücü çatar. İstəyərdim ki, komandam daha aqressiv oynasın və əldə edilən epizodların hamısını qola çevirsin".
Sportinfo.az xəbər verir ki, bu sözləri Premyer Liqanın ikinci turunun "Neftçi" - "Kəpəz" matçından sonra ev sahiblərinin baş məşqçisi Laurentsiu Regekampf deyib.
Ruminiyalı mütəxəssis "Kəpəz" üzərindəki qələbəni belə şərh edib: "Şamaxı" ilə oyuna ərəfədə Konfrans Liqasında mərhələ adlamaq şansımız böyük idi. “Rapid”i keçsəydik, birinci turda atdığım addımı yenə atıb, bu gün də ilk turdakı heyəti meydana buraxacaqdım. Amma KL-də mərhələ adlaya bilmədik. Ona görə də "Şamaxı" ilə oyundakı heyətə ehtiyac yox idi. "Rapid"ə məğlubiyyəti unutmaq asan deyil. Çünki avrokuboklarda irəliyə getmək üçün çox böyük şansımız var idi. Hamımız gərgin işləyirdik. Həmin məğlubiyyətdən nəticə çıxarmalıyıq. Daha da güclüolmalıyıq. Komandamın ifasında aqressiv futbol görmək istəyirəm. Çünki komandamızda həmin oyunu oynayan keyfiyyətli oyunçularımız var".
Regekampf meydana buraxıb daha sonra əvəzlədiyi Rəhman Hacıyev və yeni transferlər haqda da fikirlərini bildirib: "Rəhman öz oyunundan narazı olmalıdı. Çünki bu gün onun günü deyildi. Amma mənə görə o, vacib oyunçudu. O, öz keyfiyyətini komandanın xeyrinə istifadə etməlidi. Sürətindən, texniki bacarığından yararlanmalıdı. Rəhmana deməmişdim ki, hücumçu kimi oynasın. Amma texnikalı olduğuna görə hücum xəttində oynaya bilir. Onunla heç bir konfliktimiz yoxdu. Sevinirəm ki, oyundan çıxanda özü-özündən narazı olub. Əminəm ki, gələn oyun daha yaxşı oynayacaq.
Vato Arveladzeyə gəldikdə, o, yaxşı oyunçudu. Bizə çox köməyi dəyəcək. Cəmi bir həftədir ki, düşərgəmizdədi. İstədiyimizi göstərməsi üçün hələ tam hazır deyil. Ehtiyatlı davranmalıyıq ki, zədələnməsin. Adaptasiya üçün vaxta ehtiyacı var".