“Neftçi”nin hücumçusu onu axtarır: “Bizi qəşəng döydülər, vurdular, əzişdirdilər"

13 Oktyabr 2021 14:40 Neftçi 2 262
“Neftçi”nin hücumçusu onu axtarır: “Bizi qəşəng döydülər, vurdular, əzişdirdilər"

Azərbaycan futbolunun stajlı azarkeşləri 90-cı illərin sonlarında “Neftçi”dəki ukraynalı “üçlüy”ü mütləq ki, xatırlayır.

Kazbek Tuayevin dönəmində komandaya cəlb olunan Leonid Kalfa, Vladimir Poşexontsev və Aleksey Stukasın adı o vaxtlar “Neftçi” azarkeşlərinin dilində əzbər olmuşdu.

Sonradan komandaya Əhməd Ələsgərovun baş məşqçi təyin olunması və ölkə futbolundakı inqilab ukraynalıların Azərbaycanı tərk etməsi ilə nəticələndi. Stukas sonradan dünyasını dəyişdi, Poşexontsev Odessada futbol məktəbində çalışır, Kalfa isə...

“Ağ-qaralar”ın “vuran ayağı”nın izinə düşüb, onu tapmaq çətin olmadı. Yeganə çətinlik onu müsahibəyə razı salmaq idi. Dediyinə görə, Azərbaycanda oynadığı dönəmdə və ondan sonra heç vaxt Azərbaycan mətbuatına danışmayıb.

43 yaşlı sabiq futbolçu ilə bir neçə dəqiqəlik çək-çevirdən sonra onu Sportinfo.az-a müsahibə verməyə razı sala bildim.

(əvvəli ötən yazıda - (https://www.sportinfo.az/idman_xeberleri/musahibe/124660.html)

Pulu gecikən məşhur braziliyalı 5 ölkədən təklif alıb

- Peşəkar karyeranda bir mövsümdə ən çox qolu “Neftçi”də vurmusan – 15 top. Bunun xüsusi səbəbi nə idi?

- Həmin mövsüm komandanın baş məşqçisi Kazbek Tuayev idi və mən özümü kollektivdə çox rahat hiss edirdim. Bir hücumçunun qolları sıralaması üçün komandada özünü rahat, problemsiz hiss etməsi vacibdir. Çünki hücumçu elə bir mövqedə çıxış edir ki, mütləq özünəinamı olmalıdır. Bu olmayanda, adi vəziyyətdə topu qapıya göndərmək çətinləşir. Tuayevin dönəmində mənə dəyib-dolaşan yox idi. Rəqibləri təhlil edib, mənə oyun vaxtı nə etməli olduğumu başa salırdı.

- Sənin adın çəkiləndə, nədənsə, ağlıma Tovuzda “Neftçi”nin futbolçularının döyülməsi xəbəri gəlir. O vaxt sosial şəbəkələr yox idi deyə, orda yaşananlar elə orda da qalmışdı. “Turan”la səfər oyununda yaşananları necə xatırlayırsan?

- Unuda bilmədiyim, eyni zamanda xatırlamaq istəmədiyim hadisədir. Hətta mənim həmin oyuna oyun deməyə dilim də gəlmir. Çünki futbol oyunundan başqa nə desən var idi. Bizi qəşəng döydülər, vurdular, əzişdirdilər deyim, ya başqa ad verim, bilmirəm. Həyatımda ilk dəfə meydanda topsuz vəziyyətdə vurulmağın nə olduğunu Tovuzda gördüm. Elə vəziyyət yaranmışdı ki, fasilədə hakimlərlə biz paltardəyişmə otağına gedə bilmirdik.

- Nəyin davası idi?

- Kubokun yarımfinalının cavab oyunu idi. Bakıda onları 3:0 məğlub etmişdik. Yadımdadır, 1 qolu mən vurmuşdum, digər 2 qolu “Moruq” (hazırda Almaniyada yaşayan İlham Məmmədov – H.). Səfər matçında revanş almaq istəyirdilər, lakin bunu futbolla bacarmağın mümkün olmadığını bilirdilər. Çıxış yolunu bizi vurmaqda, alçaltmaqda tapmışdılar. Təsəvvür et, top bizim cərimə meydançamızdadır, mən isə meydanın “Turan”a aid hissəsində. Birdən kimsə dayandığım yerdə arxadan ayağıma vurur. Arxaya dönüb niyə elə etdiyini soruşuram, kənardan o biri gəlir üstümə. Ayaqlarım göm-göy idi, hətta matçın sonlarına yaxın gəzə bilmirdim.

Pulu gecikən məşhur braziliyalı 5 ölkədən təklif alıb

- Hakim görmürdü? Heç nə demirdi?

- Hakimin özünü görən lazım idi. Allaha yalvarırdı ki, 90 dəqiqə tez qurtarsın, başını götürüb, qaçsın. 0:1 uduzduq, amma finala biz yüksəldik. Amma bu 0:1 bizim üçün qələbə demək idik. Dəhşətli dəqiqələr idi. İndi sənə danışıram, anbaan gözümün qabağına gəlir.

- O çətin günlərdə “Neftçi”də çiyin-çiyinə oynadığın futbolçulardan kimlərləsə ünsiyyətin qalıb?

- Düzünü desəm, yox. Bir müddət öncəyə qədər Vadim Vasilyevlə danışırdım, sonra əlaqəmiz itdi. Nömrəsinə zəng çatmır. Nömrəsini axtarıram, səndə varsa, verərsən mənə, danışıram. O vaxt biz Bakıdan ayrılanda indiki kimi “vatsap”, “feysbuk” dövrü deyildi. Mobil telefon da təzə-təzə dəbə minirdi. Bəzi uşaqlarda evimin telefon nömrəsi vardı, sonra həyat yoldaşımdan ayrıldım, ordan köçdüm, beləcə heç kimlə əlaqəm qalmadı.

- Birgə oynadıqlarından kimləri xatırlayırsan?

- Demək olar hamısını. Kapitanımız Bəxtiyar Musayevi, Cahangir Həsənzadəni, İlhamı Məmmədovu, Elçin Rəhmanovu, Vadim Vasilyevi, Kamal Quliyevi, Hüseyn Məhəmmədovu, Zaur Tağızadəni... Hansını deyim? Yeri gəlmişkən, hamısına salam deyirəm, onlar üçün çox darıxmışam. Bəlkə nə vaxtsa qismət olar, görüşərik.

- İndi nə işlə məşğulsan? Necə dolanırsan?

- Maşın sürürəm. Dostlar uşaq futboluna dəvət edilər, açığı, istəmədim. Uşaqlarla işləmək mənlik deyil. O işə səbr lazımdır, mən də yoxdur. Bir neçə gün işlədim, bacarmadım. Pul qazanıram.

- Taksi kimi?

- Elə də demək olar. Amma şirkətə, ya kiməsə işləmirəm. Öz tanışlarım var, onları harasa aparıb-gətirirəm.

Pulu gecikən məşhur braziliyalı 5 ölkədən təklif alıb

- Uzun illər topun arxasıncaa qaçan biri üçün indi sükan arxasında oturmaq çətin deyil?

- Arada veteranlarla futbol oynayırıq, futbola baxırıq. Futboldan tam uzaqlaşmamışam ki. Maşındır da, onsuz da, harasa sürürəm. Bir az artıq sürməklə heç nə olmur. Ofis-məfis mənlik deyil. Mən aktiv işi sevirəm.

- Sənə Azərbaycan vətəndaşlığı da verilmişdi. Pasportun qalır?

- Vətəndaşlıq verilmişdi, amma pasport yox. Pasport Fuad Musayevin kabinetindəki seyfdə idi.

- Millidə rəsmi oyuna çıxmamışdın deyəsən...

- Əhməd Ələsgərovun vaxtına bir oyunda ehtiyat oyunçular skamyasında oturmuşdum. O vaxt vəziyyət başqa idi. Rəhmətlik Aqil Paşayevlə razılığımız olmuşdu ki, millinin oyunlarına görə fasilə yarananda Ukraynaya, ailəmi görməyə gedəcəm. Ona görə də yığmada oynamaq alınmadı. Hə, qoy, bunu da deyim. Ehtiyatda qaldığım Rumıniya ilə matç idi. Əhməd Lətifoviç məni əsas heyətə layiq görməmişdi. 10-cu dəqiqə idi, dedi, get hazırlaş. O hazırlaşmaq, bu hazırlaşmaq - isinmə hərəkətləri edə-edə, bir də gördüm oyun qurtardı. Ondan sonra millinin oyunları zamnı ehtiyatda yox, evimdə otururdum.

- Azərbaycan futboluna maraq göstərirsən?

- Hərdən yığmanın nəticələrinə göz gəzdirirəm. Açığı, xallarda bir inkişaf görmürəm. O vaxtkı rəqəmlərdir – 1, 3 , 5... Amma “Qarabağ”a halaldır! Qurban Qurbanov əla işlər görür. Eh, Qurban, o vaxt “Neftçi”nin köhnə bazasında yığışanda görürdüm onu. Dəmir kimi hücumçuydu, yorulmaq bilmədən qaçırdı, yıxılırdı, qalxırdı, yenə qaçırdı. İndi də yorulmaq bilmədən işləyir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!