
Futbol ictimaiyyətinin gözü keçmiş günlərini qaytarmaq istəyən “Neftçi”dədir.
İnsaf naminə, komandanın oyun planında müəyyən irəliləyiş müşahidə olunur.
“Sabah”, “Karvan-Yevlax”, “Sumqayıt”la görüşlərdə inamlı təsir bağışlayaraq çoxsaylı qol imkanlarını əldən verən, “Zirə” ilə matçda möhtəşəm geridönüş edərək qələbəyə yaxın olmasına baxmayaraq, Kamal Umudlunun haqsız penalti qərarı ilə bərabərə qalan “ağ-qaralar”ın növbəti rəqibi “Araz-Naxçıvan”dır.
Bu komandanı “Neftçi” üçün qeyd-şərhsiz arzuolunmaz rəqib adlandıra bilərik. “Araz” Premyer Liqaya qayıtdığı 2023/24 mövsümündən bu yana komandalar 8 dəfə üz-üzə gəlib.
Bu matçların 4-də qələbəyə sevinən tərəf Naxçıvan təmsilçisi olubsa, 3 halda bərabərlik qeydə alınıb. Bakılılar son 2 ildə yalnız bir dəfə qələbəyə sevinib.
Bu, 2023/24 mövsümünün dördüncü dövrəsində baş verib. Aprelin 13-də gerçəkləşən dueldə “ağ-qaralar” “qırmızı-ağlar”ın qapısından 3 cavabsız top keçirməklə 3 xala sevinib.
“Neftçi” son 4 matçda, başqa cür desək, 18 aydır “Araz” üzərində qalib gələ bilmir.
Ötən mövsüm Samir Abasovun “sükan” arxasına keçməsindən sonra reallaşan 3 oyunun 2-də naxçıvanlılar qələbə qazanıb, 1 görüş heç-heçə ilə başa çatıb.
Bu qarşılaşma “Neftçi” üçün ilk “6-lığ”da özünə yer etməsi baxımından əla imkandır. “Araz” qalib gələcəyi halda isə ilk pilləyə yüksəlmək şansını əldə edəcək. Təbii ki, “Turan Tovuz” “Qarabağ”la dueldə qalib gələ bilməsə.
Oktyabrın 19-da “Palms Sports Arena”da keçiriləcək görüş saat 18:30-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ