"Bu rəhbərliyin arxasında dayanmayacağıq. "Neftçi” uşaq bağçasıdır?"

14 Sentyabr 14:20 Neftçi 1 232
"Bu rəhbərliyin arxasında dayanmayacağıq. "Neftçi” uşaq bağçasıdır?"

Bazar günü Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində "Bakcell Arena”da baş tutan "Neftçi” – "Qarabağ” matçında, şübhəsiz, ən çox üzülən tərəf meydan sahiblərinin azarkeşləri oldu.

Ağdam klubuna 2:1 hesabı ilə məğlub olan "Neftçi”nin azarkeşləri oyundan sonra haqlı şəkildə etirazlarını da bildirdilər.

Hətta klubun ən fəal azarkeş qruplarından olan "Forza Neftçi” sosial şəbəkə vasitəsilə kəskin etiraz etdi.

Belə demək mümkünsə, "Neftçi”yə ultimatum verən fanat ordusu artıq növbəti turlarda istənilən uğursuzluğa cavab olaraq bir sıra addımlar atacaqlarını açıqladılar.

Sportinfo.az "Forza Neftçi”nin rəhbəri Sübhan Əliyevin Qaynarinfo-ya müsahibəsini təqdim edir:

- "Neftçi”nin məğlubiyyətinin əsas səbəblərini nədə görürsünüz?

- Bu məğlubiyyətlə bağlı bəzi tutarlı fikirləri sosial şəbəkədəki səhifəmizdə yazmşıq. Həmişə uzaq məsafələrə baxmayaraq, komandanın yanında olmuşuq və əl çəkməmişik. Bu gün koronavirus olmasaydı, səfərlərə də gedəcəkdik. Komandaya hər zaman sarılmışıq. Ancaq artıq yetər. Klubda transfer siyasətinə baxan adam sanki həvəskar komandada işləyir. Deyirlər "çalışırıq”, amma ortada heç nə yoxdur. Bu gün dövlətimizin ayırdığı pul var. Prezident də açıqlama vermişdi ki, Azərbaycanda idmanla bağlı hər şeyi dəstəkləyir. Şükür Allaha, komandanın borcu yoxdur. Amma ortada da heç nə görünmür. Bizə çempionluqla baş qatan komanda lazım deyil. Növbəti büdrəmələrdə etirazımızı bildirəcəyik. Sözümüzü sosial şəbəkələrdə deyil, tribunlarda deyəcəyik.

- "Forza Neftçi” olaraq klubda ən çox nədən narazısınız?

- İki ilə yaxın tribunada olmamışıq. Hələ Gürcüstandakı səfər oyunundan bəri deyirik ki, komanda futbol göstərmir. Bu, gələcək təhlükədən xəbər verir. Gürcüləri heç də super futbol oynamaqla keçməmişik. "Neftçi” səfərdə heç də dəhşətli dərəcədə yaxşı oynamadı. Klubda media sistemindən başqa işləyən hər kəsdən narazıyıq. HİK-dən, "Makkabi”dən çoxlu qollar buraxan və heç nə olmamış kimi davranan rəhbərliyin arxasında dayanmayacağıq. "Neftçi” uşaq bağçasıdır? Hələ yayda deyirdik ki, futbolçu alsınlar. Komandanı zəiflətmələrini istəmirdik. Mübarizəmiz qələbə qazanmaq üçündür. Əks halda qarşılarında olacağıq. Heç kim "Neftçi”nin yanında olmayanda, biz bunu etdik. "Qarabağ”a uduzmalarına baxmayaraq, son saniyələrə qədər dəstəklədik. Ancaq bu son idi. Bundan sonra komandada nəticə olmayacaqsa, öz bildiyimizi edəcəyik. Klub nəzarətdədir, milyonlar ayrılır. Baxın, "Qəbələ” az büdcə ilə necə oynayır. "Zirə” ortabab olsa da, futbolçular gətirdi. "Neftçi” büdcə baxımından bu klubların heç birindən geri qalmır. Öz yetirmələrimizə can qurban. Amma elə oyunlar var ki, legionerlər oynamalıdır.

- Avrokuboklardakı uğursuzluqdan sonra etirazları anlamaq mümkündür. Azərbaycan Premyer Liqası isə yeni başlayıb, hələ 3-cü tur geridə qalıb. Belə təzyiqlər üçün bir qədər tələsmirsiniz ki?

- "Neftçi” azarkeşi tələbkardır. Azarkeş olaraq təcrübəliyik, futboldan başımız çıxır. Görürük ki, bu sistemdə problem var. Kimsə, kiminləsə yola getmir. Klubda möhtəşəm ailə tablosu görə bilmirik. Azarkeş olaraq gələcək təhlükənin fərqindəyik. Bilirik ki, sabah yeni baş məşqçi gəlsə, haqlı olaraq vaxt istəyəcək. Zərərin yarısından qayıtmaq da xeyirdir. Kənardan görünür ki, heç də hər şey qaydasında deyil. Baş məşqçi mətbuat konfransında bir söz deyir, digərləri başqa şey danışır. Azarkeş qrupumuzda da problemlər olur, amma bu kənara çıxmır. Heç nə bildirməməyə çalışırıq. "Neftçi”də isə bu baxımdan problemlər var. Azarkeş səhv söz demir ki. Transfer siyasətində gecikmə olub. Heç bir oğlan çıxıb deyə bilməz ki, "Neftçi”də hər şey qaydasındadır. Uzun illərdi bu klubun fanatıyam. "Neftçi”nin ən zəif rəhbərliyinin dönəmində belə transferlərdə gecikmə olmayıb. Bilirik ki, pis də olsalar, ən azı vaxtında gəliblər. UEFA, SOCAR, "Turkish Airlines” və digər sponsorlardan büdcə ayrılmasına baxmayaraq, komandada hücumçu yoxdur. Buna başqa nə ad vermək olar? Birbaşa məsuliyyətsizlikdir. Ya da menecerlərə heç kim etibar etmədiyi üçün kluba futbolçu gəlmir. "Qəbələ”də bu işlə məşğul olan insanlara güvənirlər. Ona görə də ora futbolçu gəlir. Bizdə isə nəsə çatışmazlıq var. O bizim problem deyil. Bunu da biz yoluna qoyacağıqsa, elə klubu versinlər, idarə edək. Hər insan öz üzərinə düşəni etməlidir. Ceyhun Sultanovu istefaya göndərdilər. Belədirsə, niyə indi də onun gətirdiyi futbolçulara güvənirlər? "Neftçi”ni bu gün ayaqda saxlayan Ceyhun Sultanovun gətirdiyi futbolçulardır. Buqrin, Kane, Stankoviç, Yusuf Laval olsun... O sahə küçə səviyyəsində idarə olunur.

- Düşünürsünüz ki, bu, "Neftçi” tarixinin ən zəif rəhbərliyidir?

- Ola bilər bu komanda o rəhbərliyin idarəsi altında çempionluq yaşadı. Ancaq Avropada biabırçı nəticələrlə yadda qaldı. Düzdür, bundan əvvəlki rəhbərliyin dönəmində klubun borcları yaranıb, büdcə az, klubun hədəfləri çox zəif olub. Amma indi hər bir şərait varkən... Baxın, nifrət etdiyimiz düşmənlərin komandası getdi qrupa düşdü, amma "Neftçi” kənarda qaldı. Pul çox şeydir, amma hər şey deyil. Düşmənlərimiz Konfrans Liqasında oynayacaq, "Neftçi” isə bu üç liqadan birinə düşə bilmədi. Bunların hesabı verilməlidir.

- Ümumi transferlərlə bağlı nə düşünürsünüz?

- Ceyhun Sultanovdan sonra klubda transfer məsələlərinə kim baxır, bilmirəm. Məsələn, xəyalnəcəfovlardan "Neftçi”də çoxdur. Harramiz, Meza-Kolli nə ediblər? O futbolçuların heç biri "Neftçi”nin adına layiq deyil. 34 yaşlı oyunçunu nə üçün transfer etmisiniz? Hansı ki, ona ən azı 400-500 min manatlıq büdcə ayrılıb. Həmin pula Azərbaycana ən azından Abullah Zubir səviyyəsində oyunçu gəlməlidir. Kluba yetərli qədər pul ayrılır. Famil Camalov start heyətində meydana çıxır. Sən bu futbolçunu heç yoldaşlıq görüşündə meydana buraxmırsan, amma rəsmi matçda oynadırsan. Nə dərəcədə düzgündür? "Neftçi” eksperiment məktəbi deyil ki. Kimin ürəyi necə istəyirsə, elə də hərəkət edir. Yəqin ki, bu işə cavabdeh olanların nəzarətindədir.

- Sosial şəbəkələrdəki açıqlamanızda bildirmişdiniz ki, "Neftçi” növbəti dəfə məğlub olsa, bir sıra addımlar atacaqsınız. O addımlar nədən ibarət olacaq?

- Əlbəttə, addımlar atacağıq. Növbəti oyunda "Keşlə”ni udmaqla hər şey bitməyəcək. Komanda uduzanda belə üz çevirməmişik. Onlar üçün qoyulan sərhəd bitdi. Komanda düzəlməsə, istefaya səsləyəcəyik. Kimləri istefaya çağırmaqla bağlı qərarı isə stationda verəcəyik. Analiz etmişik, günahın kimlərdə olduğunu bilirik. Hər kəsə etiraz edəcəyik. Kluba vaxt verdik ki, bəlkə düzələr, transferlər qaydasına düşər. Ancaq görürük ki, düzəlmir.

Digər Xəbərlər
Xəbər Lenti