"Şamaxı"da Rikardo Fernandeslə bağlı qəribə vəziyyət yaranıb.
Qapıçını ötən mövsüm "Sabah" israrla istəyirdi.
Təxminən 100 min manat da təzminat ödəməyə hazır idi.
Amma bölgə klubunun 200 min manatlıq tələbindən sonra keçid baş tutmamışdı.
Ardınca 31 yaşlı qapıçı ilə yeni 2 illik anlaşma imzalanmışdı.
Əvvəlkindən daha yaxşı şərtlər qarşılığında.
İki illik yeni müqavilə bağlamaqda əsas məqsəd məhz bu yay onun satışından daha böyük pullar qazanmaq idi.
Mövsüm başa çatıb, həftələr arxada qalıb, klublar güclənməyə davam edir.
Amma Rikardoya yaxın gələn yoxdur.
Klub özü müxtəlif yollarla onu bəzi klublara təqdim edib.
Amma 32 yaşında birinə görə heç kim əlini cibinə atmaq istəmir.
Belədə "Şamaxı" rəsmiləri isə ötən mövsüm atdıqları səhv imzanın peşmançılığını yaşamaqdadır.
Pul qazanmaq bir kənara, daha bir il yüksək əməkhaqqı ödəmək lazım gələcək.
XANOĞLAN / SPORTİNFO.AZ

