“Qarabağ”ı bir yox, bir neçə nəfər tərk edə bilər - Qurban Qurbanov kimləri nəzərdə tutur?

20:40 Qarabağ 366
“Qarabağ”ı bir yox, bir neçə nəfər tərk edə bilər - Qurban Qurbanov kimləri nəzərdə tutur?

“Qarabağ”la “Zirə” arasındakı yoxlama görüşündən sonra Qurban Qurbanovun açıqlaması biz jurnalistləri düşünməyə vadar etmişdi.

Komandadan ayrılacaq futbolçulardan Fabyan Buntiçlə Leandro Andradenin adını çəkəndə, təcrübəli çalışdırıcı siyahıda başqa adların ola biləcəyini demişdi.

Media mənsublarında növbəti sual yaranmışdı – görəsən, söhbət kim(lər)dən gedir? Təbii ki, Qurbanov ad çəkməyəcəkdi.

Kevin Medina və Leandro Andrade kimi əsas heyət üzvlərinin gedişi göstərir ki, “Qarabağ”ın futbolçularına daha sərfəli maliyyə şərtləri ilə təkliflər var.

Dəfələrlə çempionluq sevinci yaşayan, Çempionlar Liqasının pley-off mərhələsinə qədər irəliləyən əcnəbiləri bundan sonra hansısa titul və ya Avropa arenalarında uğurlu çıxışdan çox pul maraqlandırır.

Odur ki, bundan sonra “köhlən atlar”ı bir yox, bir neçə nəfər tərk edə bilər.

Kimlər?

Burada söhbət əsasən dörd futbolçudan gedir.

Mateuş Koxalski, Elvin Cəfərquliyev, Marko Yankoviç və Kamilo Duran.

Adları çəkilənlərin hər birinə ötən mövsümün gedişində müxtəlif klublardan təkliflər olub. Bu gün də maraqlananlar var. Lakin rəsmi təklif yoxdur.

Ya həmin oyunçulara təzminat ödəmədən sahiblənmək istəyirlər, ya “Qarabağ”a qəpik-quruş ödəmək fikirləri var, ya da futbolçulara təklif etdikləri məbləğ topçuların ürəyincə deyil.

Mümkündür ki, irəliləyən günlərdə və ya həftələrdə hansısa biri və ya bir neçəsi tələb olunan puldan keçməyə razılıq versin.

Hə, onda “Qarabağ”dan ayrılanların siyahısına yeni adlar əlavə olunacaq. Hələ ki, real heç nə yoxdur.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti