“Hakimlik bu mövsüm son illərdə görülmədiyi qədər bərbad idi”.
Bu fikirlər Sportinfo.az saytının və “Sportinfo TV”nin baş redaktoru İlkin Fikrətoğluna məxsusdur.
Tanınmış jurnalist ölkə çempionatının ən böyük probleminə diqqət ayırıb.
Sitat:
“Demək olar hər tur hakimlərlə bağlı şikayətlər, qalmaqallar oldu. Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun şərhləri bəzən bir-biriylə ziddiyət təşkil etdi.
Ötən həftə hansısa oyundakı epizoda “penalti vardı” deyən komitə sədri 5 gün sonrakı qarşılaşmada eyni epizodda “penalti yox idi” söyləyirdi.
“Turan Tovuz”, “Neftçi”, “Qarabağ”, “Araz-Naxçıvan” daha çox hakim qərarlarından ziyan gördü.
Sezon göstərdi ki, hazırkı vəziyyətə görə bizim çempionatda elə maksimum 12 komanda oynamalıdır. Ən sadə problem - stadion problemi həllini tapmayınca, say artırmaq məsələsi barədə düşünmək yersizdir.
Aşağı liqalardakı klubların peşəkarlığını artırmaq lazımdır. 5-10 nəfəri çayxanadan yığıb, “əşşi, AFFA hər ay pul verir də…” düşüncəsiylə peşəkar klub olmur.
“İmişli”nin Qubada, “Araz-Naxçıvan”ın Mərdəkanda, “Kəpəz”in harada yer tapdı, orada oynaması normal liqa adına yaraşmır. Bütün bu futbol cəngəlliyində baş çıxarmağa çalışan Peşəkar Futbol Liqasını unutmaq olmaz.
AFFA-nın üzünü ağardan bir struktur, qurum varsa da, o da elə PFL-dir. Azarkeşə oyuna qədər və oyundan sonrakı proses maraqlı deyil .
Ona görə əksəriyyətə PFL adı nəsə demir. Biz jurnalistlər isə bu 3 liqanını normal səviyyədə təşkilində çəkilən zəhməti yaxşı bilirik.
Hər şey mükəmməl olmasa da, başda Elxan Səmədov, Aslan Şahgəldiyev, Elgiz Abbasov üçlüyü olmaqla, bütün PFL komandasının fəaliyyəti təqdirəlayiqdir.
PFL olmadığı 1992-2007-ci illəri görənlər fikrimi daha yaxşı başa düşər”.

