Hazırda «Kəpəz»in baş məşqçi postuna 3 real namizəd var.
Saytımız bu barədə klubdan məlumat əldə edib.
Redaksiyamıza daxil olan informasiyaya görə, onlardan ikisi yerli, digəri əcnəbidir.
Maraqlıdır ki, «sarı-göylər»in danışıqlar apardığı mütəxəssislərin ikisi də gəncəlidir. Söhbət Mahmud Qurbanovla Azər Məmmədovdan gedir.
Adları çəkilən məşqçilər vaxtilə doğma şəhərin təmsilçisini çalışdırıb. Qurbanov 14 il, Məmmədov 3 il öncə burada fəaliyyət göstərib.
Verilən məlumata görə, hər ikisi «Kəpəz»ə qayıtmağa hazırdır. Müqavilə şərtləri hansı birini qane etsə, onunla da münasibətlər rəsmiləşəcək.
«Kəpəz»in yeni mövsüm üçün hədəfi və maaş büdcəsi bəlli olub.
Gəncə təmsilçisi qarşıdakı sezonda da Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq.
«Sarı-göylər» bunu 140 min manatlıq aylıq vəsaitlə bacarmalıdır. Bu, sırf maaş ödəmələri üçün nəzərdə tutulmuş məbləğdir.
Klub rəhbərliyini də qınamaq olmaz: sponsor dəstəyindən məhrumdurlar. Kənardan dəstək gəlmədiyindən, AFFA-nın ayırdığı büdcəylə kifayətlənməyə məcburdurlar.
Azər Bağırov ötən ilin ilin oktyabrında sükanı arxasına keçdiyi komandanı mayda tərk edib. O, 13 min manat maaş qarşılığında «Şamaxı»ya yollanıb və 3 illik müqavilə imzalayıb.
SPORTİNFO.AZ

