Azərbaycana gəlib-getmiş unudulmaz legionerlərin arasında Ernad Skuliç də var.
2008-2012-ci illər aralığında “zolaqlılar”ın uğurları üçün tər tökən, bu Azərbaycan çempionu və ölkə kubokunun sahibi adını qazanan xorvatiyalı dayaq yarımmüdafiəçi həmin dönəmdə səviyyəli əcnəbilərdən hesab olunurdu.
Vaxtilə Azərbaycanda yaşayan, Premyer Liqamızda top qovan futbolçunun yaddaşı xatirələrlə zəngindir.
Skuliç Sportinfo.az-a verdiyi müsahibədə bir sıra maraqlı etiraflar edib.
- Futbolçu karyeranızı başa vurandan sonra nə işlə məşğulsunuz?
- Məşqçilər üçün nəzərdə tutulan A kateqoriyasına sahibəm. Hazırda Zapreşiç “İnter”ində uşaq futbol akademiyasının rəhbəriyəm. Həm də şəxsi biznesim var, ona nəzarət edirəm. “İnter” yüksək dəstədə mübarizə aparanda əsas komandada baş məşqçinin köməkçisi idim.
- Akademiyada xoş gələcək vəd edən yeniyetmələr var?
- (gülür) Bu suala kənardan baxanlar cavab verə bilər. Çox yaxşı uşaqlarımız var, yəqin ki, yaxın gələcəkdə onların haqqında siz də eşidəcəksiniz. “İnter”in akademiyası həmişə güclülərdən sayılıb. Xorvatiya millisinin şərəfini qoruyan Mislav Orşiç, “Osasuna”nın formasını geyinən Ante Budimir, vaxtilə “Çelsi”yə satılan Matey Delaç – bu futbolçuların hamısı “İnter”də yetişib. Luka Modriç, Eduardo da Silva kimi ulduzların yolu da vaxtilə Zapreşiçdən keçib.
- Az öncə biznes dediniz. Sirr deyilsə, hansı sahə üzrədir?
- Qapı-pəncərələrin hazırlanması və satışı üzrədir. Bu biznes məndə çoxdan var. Futbolu yekunlaşdırmaq üzrə olanda qurmuşdum.
- Azərbaycan yadınıza düşür? Darıxırsınız?
- Həm yadıma düşür, həm də darıxıram. Mahir Emreli ilə görüşəndə hər dəfə ona bu haqda deyirəm. Dəfələrlə məni Bakıya dəvət edib, amma heç cür gedib çıxa bilmirəm. Amma mütləq gedəcəyəm. Azərbaycan mənə çox doğmadır, zarafat deyil, karyeramın ən gözəl 4 ilini burada keçirmişəm. Həm zəngin xatirələrimiz var, həm də unudulmaz dostlarımız. Gözəl illər idi. Eh...
- Azərbaycanın adı çəkiləndə, ən çox yadınıza nə(lər) düşür?
- İnsanların mehribanlığı və qonaqpərvərliyi. Azərbaycanda bəlkə də heç yerdə görə bilməyəcəyimiz insanlığı görürdük. O dönəmdə həyat yoldaşım körpə uşaqla idi. Marketə, alış-verişə, restorana - hara gedirdiksə, hamı bizə yol verirdi ki, qadın uşaqladır, gözləyə bilmir. Hər yerdə özümüzə qarşı sevgi görürdük. İnsanlar bizə kömək etmək üçün əlindən gələnin ən yaxşısını edirdilər. Azərbaycanda yaşamaq xoş olmasaydı, 4 il orada qalmazdıq, xanımım yerli insanlarla işləyib, Azərbaycan dilini öyrənməzdi.
- Başınıza gələn maraqlı hadisələrdən birini nəql edə bilərsiniz?
- O qədər məzəli olaylarımız, zarafatlarımız olub ki. Marko Şarliya, Aleksandr Şoliç, Jaba ilə tez-tez zarafatlar edirdik. Amma indi qəfil soruşdunuz deyə, yadıma sala bilmirəm.
- Siz gedəndən 3 il sonra “Bakı” da futbol səhnəsindən silindi. Sizcə, səbəb nə oldu?
- Mən ayrılanda hər şey qaydasındaydı. Yaxşı futbolçular var idi, məşqçilər heyəti, şərait, maliyyə. Sonradan nələrin baş verdiyini bilmirəm. Ona görə də dəqiq nəsə demək çətindir. Nələrin yaşanmasından asılı olmayaraq, “Bakı”nın və klubun yolunda can qoyanların halına acıyıram. O böyüklükdə akademiya, yaşıl meydançalar – hamısı məhv olub getdi.
- Siz oynadığınız dönəmdə klubun hansı üsulla idarə olunduğunu görəndə, “Bakı”nın gec-tez dağılacağını hiss etmirdiniz?
- “Bakı”nın ən böyük problemi tez-tez məşqçi və futbolçu dəyişiklikləri idi. Biri gəlirdi, 6 ay, uzağı 1 il işləyib gedirdi. Komanda dağılırdı, sonra başqası gəlirdi, o, yeni kollektiv yığırdı. “Qarabağ” kimi ağıllı işləyə bilmirdilər, sistem yox idi. O cür maliyyə və akademiya ilə çox-çox böyük işlər görmək olardı.
- “Bakı”da oynadığınız dönəmdə Premyer Liqanın bacarıqlı legionerlərindən hesab olunurdunuz. O dönəmdə hansısa klublardan təklif almışdınız?
- Aleksandr Starkov yeni gələndə məni əvəzedici komandaya göndərmişdi. O anda “İnter” mənimlə maraqlanırdı. Lakin həmin vaxt “Bakı”yla müqaviləm davam edirdi, səhv etmirəmsə, sözləşmənin bitməsinə ilyarım qalmışdı. Klub rəhbərliyi ilə müqaviləyə xitam verməklə bağlı söhbətimiz oldu, lakin anlaşa bilmədik. “Bakı”dan transfer kağızımı götürmə bilmədim deyə, keçidim alınmadı. Daha sonra “Xəzər Lənkəran”dan zəng gəldi. Baş məşqçi Cüneyt Biçer məni “Bakı”dan tanıdığından komandasında görmək istəyirdi. Ancaq bu da bir məsələyə görə alınmadı.
- Hansı məsələyə görə?
- (davamı olacaq)
HƏBİB

