«Qarabağ» Aleksey Kaşukla bağlı maraqlı yön seçib.
Ağdam təmsilçisi üç mövsümdür xidmətindən yararlandığı yarımmüdafiəçini yerli klublara satmaqdan imtina edib.
«Köhlən atlar» ukraynalıya görə «Sabah»dan aldığı təklifi bu üzdən geri çevirib. Qarşı tərəfin nəzərinə çatdırılıb ki, o, yalnız ölkə xaricinə gedə bilər - icazə yalnız bunadır.
Hələlik isə Donetsk «Şaxtyor»unun yetirməsinə kənar ölkələrdən heç bir ciddi maraq yoxdur. Hər halda Premyer Liqanın vitse-çempionu adıçəkilən vingerə görə indiyədək rəsmi təklif almayıb.
Kaşukun «Qarabağ»la müqaviləsi 2027-cı ilin yayınadək qüvvədədir. Qurban Qurbanov bu ayrılığın əleyhinə deyil.
Baş məşqçi ondan narazılığını dəfələrlə dilə gətirib, ukraynalının oyununda inkişaf görmədiyini, əsas heyətə düşmək uğrunda rəqabət aparmaq istəyini görmədiyini bildirib.
SPORTİNFO.AZ

