"Evim-eşiyim yox idi, bazada yatırdım" - "Neftçi"nin sabiq prezidentindən SƏMİMİ ETİRAFLAR

25 Yanvar 2023 20:00 Müsahibə 1 424
"Evim-eşiyim yox idi, bazada yatırdım" - "Neftçi"nin sabiq prezidentindən SƏMİMİ ETİRAFLAR

“Neftçi”dən gedişi gözlənilməz olmuşdu.

Komandanın daxili və xarici arenalarda uğurlu çıxış etdiyi dönəmdə klubdakı struktur dəyişikliyindən sonra prezident postu ləğv olunmuş, əsas səlahiyyət yeni yaradılan Müşahidə Şurasına verilmişdi.

Sadıq Sadıqov bir müddət şuranın üzvlərindən olsa da, “Neftçi”də çox qalmamışdı.

Cüdo Federasiyasında 6 il vitse-prezident vəzifəsini icra etdi, indi isə “Neftçi İdman Klubu”nun idarəetmə aparatının rəhbəridir.

Premyer Liqa klubu bu qiymətə satışa çıxarıldı

“Neftçi”dən ayrılandan sonra, lap dəqiq desəm, son 8 ildə Sadıqovu danışdırmaq istəsəm də, işlərinin çoxluğu, bəzən də futbol mövzusunda danışmaq istəməməsi müsahibənin baş tutmasını əngəlləyirdi.

Nəhayət, alındı. Söhbətləşmək üçün iş kabinetinə təklif etdi və 1 saatlıq müsahibədə təkcə futboldan yox, cüdodan və digər idman növlərindəki fəaliyyətindən söz açdıq.

(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/161252.html)

Premyer Liqa klubu bu qiymətə satışa çıxarıldı

- Futbollu günləriniz üçün darıxırsız?

- Hər keçən dəqiqə, ötən gün xatirədir. Onu geri qaytarmaq mümkün deyil. Əlbəttə, gözəl illər idi, yaddaqalan xatirələrimiz oldu. Məni ən çox sevindirən o hissləri azarkeşlərimizə yaşatmağımız idi. İdman mütəxəssisi olaraq işimizi gördük, bizə göstərilən etimadı doğrultmağa çalışdıq. Elə bir vaxtda ayrıldıq ki, azarkeşlərimizin bizdən narazı qaldığına inanmıram. 5 illik fəaliyyət dövrümüzdə ölkə futbolu tarixində ilk dəfə “Neftçi” avrokubokların qrup mərhələsinə vəsiqə qazandı, ilk dəfə ardıcıl 3 il çempion olan klub kimi tarixə düşdü, 2 dəfə ölkə kubokuna yiyələndik. “Qarabağ”, “Bakı”, “Xəzər Lənkəran”la oyunlarımızda inanılmaz ajiotaj olurdu. Prinsipial matçlardan öncə və sonra mətbuatda xeyli yazılar dərc olunurdu. Heç vaxt unutmaram, “Xəzər Lənkəran”la Respublika stadionundakı final oyunumuza 20 mindən artıq azarkeş gəlmişdi.

- O dövrün “Neftçi”si indiki “Qarabağ”a əzələ göstərə bilərdi?

- Bunu demək çətindir. Futbol günbəgün dəyişir, müasirləşir, tələblər artır. Baxırsan, ortaya hər il yeni nələrsə çıxır. Öz aramızdır, kimin ağlına gələrdi ki, nə vaxtsa VAR sistemi tətbiq olunacaq və hakimin yanlış qərarı ləğv olunacaq. İndiki sürətlə 5-10 il əvvəlki sürət və intensivlik də eyni deyil. Futbolçu seçimi son dərəcədə diqqətlə aparılmalıdır.Hər bir rəhbər işə başlayanda imkanlarına və qarşısında duran hədəfə baxır və ona uyğun addım atır. Təbii, “Qarabağ”ın demək olar bütün imkanları əvvəlki illərə nisbətən yaxşıya doğru dəyişib. Bilmirəm, indiki “Qarabağ”ı çempionluq yolundan kənarlaşdırmaq olardı, ya yox. Onu deyə bilərəm ki, iddamız əsas rəqibimizi məğlub etmək olardı. Və bunun üçün gecə-gündüz çalışardıq. Çünki “Neftçi” uğurlu nəticələr, çempionluqlar üçün yaranıb və azarkeşlər komandadan hər mövsümdə uğur gözləyir. Rəqabətdən danışdıq, yadıma maraqlı hadisə düşdü.

Premyer Liqa klubu bu qiymətə satışa çıxarıldı

- Hansı hadisə?

- Yadınızdadırsa, illər öncə idmanımıza legionerlər cəlb olunurdu. Fikrimcə, onların gəlişi ilə yerli idmançılar da kifayət qədər inkişaf etməyi bacardı. Tanınmış güləşçimiz Hacı Əliyevin 18 yaşı var idi, Respublika çempionatında Zəlimxan Hüseynovu məğlub edib çempion oldu. Və o qələbədən sonra uğurlu karyerasının təməli qoyuldu. Çünki bu uşağın qarşısında məqsəd var idi ki, qarşımda duran baryeri aşmalıyam. Və o baryeri aşmağı bacardı. İndiyə qədər olimpiadalarda gümüş və bürünc medallara sahib olub. Çatışmayan qızıldır, inşallah, onu da Parisdə əldə edər. Bayaqkı sualınıza cavab olaraq demək istəyirəm ki, insan qarşısına məqsəd qoymalı və ona çatmaq üçün gecə-gündüz səylə çalışmalıdır.

- “Neftçi”yə gəlişinizlə komandada ciddi islahatlara əl atdız və bəlkə də çoxlarının gözləmədiyi halda komandanın parlaq günlərinin təməli qoyuldu. Uğurun resepti nə idi?

- Hər bir idman növünə yanaşmaq üçün onun dili ilə “danışmalısan”. Futbol komanda idman növü olduğu üçün müəyyən mənada fərdi idman növlərindən fərqlənir. “Neftçi”yə gəldiyim ilk gündən özüm üçün ünsiyyət forması müəyyənləşdirib onu tətbiq etməyə çalışdım. Gizlətmirəm, məqsədim kollektivdə ailə ab-havası yaratmaq idi. Çünki insan sayı çox idi – idarəçilər, məşqçilər, futbolçular, texniki heyət, bazadakı personal. Ailə ab havası dediyim böyük-kiçik, ata-bala münasibətidir. Baxdım ki, istədiyimiz mühiti yaratmışıq və bu yol bizi uğura aparır.

Premyer Liqa klubu bu qiymətə satışa çıxarıldı

- O vaxt əcnəbi futbolçularla müsahibələrim zamanı sizin sadəliyinizi, onları özünüzə doğma bilməyinizi eşidirdim.

- Onları öz övladlarımdan ayırmırdım. İnanırsınız, kabinetdə oturanda ürəyim sıxılırdı. Məşqin vaxtını gözləyirdim ki, məşq başlamamış meydanın kənarında dayanıb məşqçi və futbolçuları görüm, onlarla görüşüm. Özlərinə də deyirdim ki, mənim burada olmağıma fikir verməyin. Məşqinizi rahat edin, sərbəst olun. Baxırdım, yorğunluğu hiss etməmək üçün məşqdə bir-biri ilə zarafat edirlər. Şəxsən mənə xoş gəlirdi, futbolçuların bir-birinə münasibətindən həzz alırdım. Legionerlərlə yerlilər qardaş kimiydi. Oyunlara gedəndə çalışırdım avtobusda uşaqların yanında olum, ab-havanı hiss edim, görüm. Oyun qurtarırdı, bəzən uduzanda belə, böyük qardaş kimi dəstək verirdim, üzülməyə qoymurdum. Qış təlim-məşq toplanışı üçün komanda Antalyaya gedirdi, tez özümü onların yanına çatdırırdım ki, orada olmalıyam. Və gedib başqa oteldə yox, sırf idmançıların məskunlaşdığı oteldə qalırdım. Halbuki getməyə və ya gedib başqa oteldə qala də bilərdim. Səhər komanda ilə birlikdə oynanıb, yağışın altında islana-islana məşqə baxmaq özümə də ləzzət edirdi. Ailə idik də, ailə, bildiyiniz ailə. Həmin vaxt gecəm-gündüzüm, evim-eşiyim yox idi, bazada yatırdım. Evə gedəndə də rahat otura bilmirdim, ürəyim bazada qalırdı. Düşünürdüm ki, birdən hansısa çatışmazlıq olar, mənə deməzlər. Birdən nəsə problem olar, mən bilmərəm.

- Prezident postunu tərk edəndən sonra bir müddət Müşahidə Şurasında yer almışdız. Bir neçə dəfə iclaslarda iştirak etsəz də, sonradan klubu tərk etdiz. Qala bilmədiz, yoxsa qalmaq istəmədiz?

- Qala bilməmək, yaxud istəməmək söhbəti deyildi. Qısqanclıq və paxıllıq hissləri mənə yaddır. Bu günün özündə də “Neftçi” uğur qazanmırsa, mən buna sevinmirəm, əksinə, üzülürəm, heyfslənirəm. Çünki ürəyim həmişə “Neftçi” ilə döyünür. Biz “Neftçi” adı ilə parlamışıq və bu adla da ölüb gedəcəyik. Mənim üçün bir ad var, o da “Neftçi”dir. Başqa ad ola bilməz.

Premyer Liqa klubu bu qiymətə satışa çıxarıldı

- Bəs, Müşahidə Şurasından niyə ayrıldız?

- Prezident postundan ayrılandan sonra orada bəzi məsələlər var idi ki, yoluna qoymalıydıq, başa salmalıydım. Çingiz Abdullayev gəlmişdi, o da futbola bir az yad adam idi, üzvlərdən yalnız Səməd Qurbanov sırf futbolun içindən çıxmışdı. İclaslar zamanı futbolçularla bağlanan müqavilələr, legionerlərin gəlişi və gedişi, yaradılan şərait, qanuni sənədlərə baxılması kimi məsələlər müzakirə olunurdu. 3-4 görüşümüzdən sonra Cüdo Federasiyasından təklif gəldi və getməyi qərara aldım. Bilirdim ki, cüdodo işləyə-işləyə “Neftçi”yə kömək edə bilməyəcəm. Xaraktercə elə insanam ki, oradayam və kömək edə bilirəmsə, qalıb işləyəcəm, canımı verəcəm. Yox, kömək edə bilmirəmsə, qalmağı məqsədəuyğun saymıram. Futboldan cüdoya keçid etmək özüm üçün də yeni təcrübə, fərqli başlanğıc idi. Uyğunlaşmaq üçün müəyyən vaxta ehtiyac duyurdum. Daim idman sahəsində olduğum üçün şükürlər olsun, adaptasiyaya elə də çox zaman itirmədim.

- “Neftçi”dən ayrılmağınızın üstündən 8 il keçir. Amma azarkeşlər hələ də sizi xatırlayır, sosial şəbəkələrdə haqqınızda xoş sözlər yazırlar. Oxuyursunuz, görürsünüz yəqin.

(davamı olacaq)

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular