"Zirə" Premyer Liqanın 10-cu turunda səfərdə "Karvan-Yevlax"ı 3:2 hesabı ilə məğlub edib.
Sportinfo.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında sualları cavablandırıb:
- "CBC Sport" kanalını 10 illik yubileyi münasibətilə təbrik edirəm. Çempionat elədir ki, heç bir oyuna rahat yanaşa bilmirsən. Bilirdik ki, bizi burada nə gözləyir. "Karvan-Yevlax" ötən tur "Turan Tovuz"a qarşı əzmkar oyun nümayiş etdirmişdi. Bilirdik ki, o əzmkarlıq bu gün də özünü göstərəcək. İlk hissəni çox yaxşı səviyyədə keçirdik, çoxsaylı qol epizodlarımız oldu. Rəqibin qapıçısı inanılmaz qurtarışlar etdi. Bizim qapımıza gələn bir zərbə qolla nəticələndi. Fasilədə futbolçularıma bildirdim ki, hər şeyi düz edirsiz, bu şəkildə davam etmək lazımdır. Hesabı bərabərləşdirdik. Dərhal yenə ağır zərbə aldıq. Rəqib bizi əks-hücumda yaxalayıb qol vurdu. Buna baxmayaraq futbolçularımız özlərində güc və inam tapıb sona qədər mübarizə apardılar və vacib 3 xal qazandıq. Belə davam etməliyik. Növbəti turda bizi "Turan Tovuz"la gərgin və maraqlı oyun gözləyir.
- Kapitanın ehtiyatda olması son oyunlardakı zəif çıxışı ilə bağlı idi?
- Millinin üzvləri hər zaman əlavə yüklənirlər. Millidən qayıdandan sonra Qismət Alıyevdə yorğunluq hiss olunurdu. Ötən tur da onu əsas heyətdə oynatmamağı düşünürdüm. Amma son anda fikrimdən yayındım. Həmin oyun göstərdi ki, fasiləyə ehtiyac var. Elçin Əlicanov da oyunlara yaxşı qoşulmuşdu. Ona şans verdik. Ele oldu ki, effekt verdi. Həm Elçin, həm Qismət qol ötürməsi etdi.
- Zədəli futbolçuların durumu necədir?
- İssa Cibrilla bu həftə komanda ilə məşq etməlidir. Amma "Turan Tovuz"la matçda iştirak etməyi sual altındadır. Davit Volkov isə milli fasilədən sonra qayıdacaq.
- İlk qolda qapıçının səhvinin olduğunu düşünürsüz?
- Aydından çox canlı səddin səhvinin olduğunu düşünürəm. Oyunçu topu yerlə vurdu və canlı səddin altından keçdi. Əslində Aydın çox yaxşı reaksiya verdi. "Qarabağ"la oyunda buraxdığımız qola oxşadı. Onda da İssa Cibrilla yanlış davranmışdı. Biz bu barədə danışmışdıq. Amma futboldur, oxşar səhv oldu. Ümumən Aydının çıxışı məni məmnun etdi.
- Ruan Renato ilə onun Azərbaycan millisində çıxış etməsi ilə bağlı söhbətiniz olub?
- Xeyr, söhbətim olmayıb. Son illərdə milliləşmə ilə bağlı proseslərdə durğunluq var. Düşünürəm ki, Ruan Renato elə futbolçudur ki, özü ilə razılaşdırılsa, millimizə xeyir verə bilər. Legionerdən legionerə fərq var. Ruanda azərbaycanlı xüsusiyyətləri, xarakteri, vətənpərvərlik görürsən. Hansısa mövqeyə ehtiyac varsa, bu tip futbolçuları milliləşdirməyə ehtiyac var. Amma məndən asılı qərar deyil. Mən "Zirə"nin baş məşqçisi kimi sevinmirəm. Milliyə getməsi mənə sərf etmir. Əvvəl legionerlər milliləşdiriləndə hamı deyirdi ki, yerli pasportla çempionatda oynayacaq. Amma artıq elə söhbət yoxdur. Milli üçün faydalı ola bilər.

