“Neftçi” ölkə kubokunda növbəti mərhələyə adladı.
Ötən bazar günü Premyer Liqanın 9-cu turunda səfərdə “Qəbələ”ni 2:0 hesablı məğlubiyyətə uğradan bakılılar bu dəfə MOİK-in daşını daş üstə qoymadı – 6:2.
Oyun başa çatandan sonra cari mövsümdə ilk dəfə ardıcıl iki qələbə qazanan “Neftçi”nin futbolçularının sevincini görməyə dəyərdi.
Yeni transfer İfeanyi Metyu da ilk böyük hesablı qalibiyyətə görə xoşbəxt olanların sırasındaydı.
Nigeriyalı yarımmüdafiəçi Sportinfo.az-a açıqlamasında qələbəni bu cür şərh etdi:
“Bizim üçün möhtəşəm gün və əla matç oldu. Əvvəldən sonra qədər oyuna nəzarəti əlimizdə saxladıq, çox sayda qollar vurduq.
Hər birimiz sevincliyik. Rəqibin 2 qol vurması arxayınlaşmağımızla bağlı deyildi.
Sadəcə, müdafiədə anlaşılmazlıqlar oldu, səhvlərə yol verdik. Nöqsanlardan nəticə çıxaracağıq ki, bir daha təkrarlanmasın.
Qarşıdakı bizi daha çətin görüşlər gözləyir. Ümid edirəm ki, bu qələbələr bizə növbəti qələbələr üçün motivasiya olacaq”.
“Neftçi” Azərbaycan kubokunun 1/8 final mərhələsində “Zirə” ilə qarşılaşacaq.
Oyun Zirə İdman Kompleksinin meydanında keçiriləcək və bir görüşdən ibarət olacaq.
HƏBİB

