«Neftçi»nin yeni hücumçusu Vensan Abubakar bu mövsüm avrokuboklarda iştirak edəcəyinə şübhə bəsləmir.
Yaxınlarda 1+1 illik müqaviləyə imza atan kamerunlu hücumçu yeni komandasının qitə arenasına çıxacağına əmindir.
Afrikalı ulduz klub rəsmiləriylə söhbətində kifayət qədər pozitiv danışıb. Sabiq «Beşiktaş»lı düşərgədə kifayət qədər səviyyəli futbolçunun olduğunu söyləyib.
Qeyd edib ki, «Neftçi» bu heyətlə Türkiyə Super Liqasında orta sıralar uğrunda mübarizə apara bilər.
Premyer Liqanın səviyyəsini qənaətbəxş sayan tanınmış forvardın fikrincə, burada əksər yarışmaçıların səviyyəsi bir-birinə yaxındır.
«Neftçi»nin çempionatı ilk «üçlük»də bitirmək ehtimalını yüksək qiymətləndirən Abubakar deyib ki, şans onlardan üz döndərməsə, çempionluq uğrunda mübarizəyə də qoşulmaları mümkündür.
«Neftçi» geridə qalan 9 turda 12 xal toplayıb. «Ağ-qaralar» bu göstəriciyə əsasən, «İmişli» ilə birlikdə turnir cədvəlində 7-8-ci yerləri bölüşdürür.
SPORTİNFO.AZ

