Sadıq Sadıqov “Sportinfo”ya müsahibə verdi, illər sonra futboldan danışdı

24 Yanvar 2023 20:00 Müsahibə 1 145
Sadıq Sadıqov “Sportinfo”ya müsahibə verdi, illər sonra futboldan danışdı

“Neftçi”dən gedişi gözlənilməz olmuşdu.

Komandanın daxili və xarici arenalarda uğurlu çıxış etdiyi dönəmdə klubdakı struktur dəyişikliyindən sonra prezident postu ləğv olunmuş, əsas səlahiyyət yeni yaradılan Müşahidə Şurasına verilmişdi.

Sadıq Sadıqov bir müddət şuranın üzvlərindən olsa da, “Neftçi”də çox qalmamışdı.

Cüdo Federasiyasında 6 il vitse-prezident vəzifəsini icra etdi, indi isə “Neftçi İdman Klubu”nun idarəetmə aparatının rəhbəridir.

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA

“Neftçi”dən ayrılandan sonra, lap dəqiq desəm, son 8 ildə Sadıqovu danışdırmaq istəsəm də, işlərinin çoxluğu, bəzən də futbol mövzusunda danışmaq istəməməsi müsahibənin baş tutmasını əngəlləyirdi.

Nəhayət, alındı. Söhbətləşmək üçün iş kabinetinə təklif etdi və 1 saatlıq müsahibədə təkcə futboldan yox, cüdodan və digər idman növlərindəki fəaliyyətindən söz açdıq.

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA

- Mətbuatdan uzaq gəzirsiniz sanki. Daha doğrusu, futbol mövzusunda danışmaq istəmirsiniz. Səbəbi nədir?

- Müsahibə lazımdırsa, jurnalistlər müraciət etməlidir, axtarmalıdır (gülür). Mətbuatdan uzaq olsam da, jurnalistlərin arasında kifayət qədər savadlı dostlarımız var. Kim nə vaxtsa müsahibə üçün müraciət edibsə, can-başla razılaşmışam. Sadəcə Cüdo Federasiyasında işlərimiz həddən artıq çox idi. Bu gün də böyük işlər görürük, yaxşı mənada nələrsə etməyə çalışırıq. Açıq danışsaq, indi elə bir dönəmə gəlmişik ki, hansısa təşkilatda, idarədə vacib sualları mətbuat katibi cavablandırır, suallara aydınlıq gətirir, ya da müsahibəni təşkil edir. Allah rəhmət eləsin, Elnur Əşrəfoğlu daim jurnalistlərlə əlaqədə olurdu, sualları cavablandırırdı, müsahibələr təşkil edirdi. Hər zaman jurnalist qardaşlarımızın qulluğundayam.

- Yükünüz ağırdır?

- Çox, həddən artıq çox. Bu gün “Neftçi İdman Klubu”nda 26 idman növü üzrə 102 məşqçi-müəllim çalışır, xidməti müqavilə ilə 193, ümumilikdə 5 minə yaxın idmançı məşğul olur, ştat cədvəlində 337 nəfər var. Yəni kifayət qədər ciddi rəqəmlərdir, böyük kollektivə sahibik. Qarşıda bizi Paris Olimpiadası gözləyir, vaxtımız azdır. Ulu öndər Heydər Əliyevin vaxtilə idmanla bağlı qurduğu siyasi xəttin davamı olaraq ölkə Prezidenti cənab İlham Əliyev idmana xüsusi diqqət ayırır, bizdən və idmançılardan gözləntisi böyükdür. İdmançıların rahatlığı və uğur qazanması üçün lazım olan şəraitin yaradılmasına dair göstərişlər verir, hər ötən il yeni idman qurğuları inşa olunur, şəxsən yarışları izləyir, nəticələrlə maraqlanır, uğur qazanan idmançıları mükafatlarla stimullaşdırır. Biz də gördüyümüz işlərlə, qazandığımız nəticələrlə canab Prezidentin etimadını doğrultmalı, bayrağımızı dünya arenalarında dalğalandırmalıyıq. İdman cəmiyyəti olaraq olimpiadaya vəsiqə verən yarışlara qatılmalı, uğurlu nəticələr əldə etməliyik.

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA

- Bugünkü nəticələr rəhbər kimi ürəyinizcədir?

- Koronavirus pandemiyası baş qaldırandan sonra müxtəlif sahələrdə olduğu kimi, idmanda da müəyyən eniş yaşandı. İdman zalları bağlandı, müxtəlif məhdudiyyətlər qoyuldu və bu da hansısa mənada planlarımıza öz təsirini göstərdi. Mütəmadi idmanla məşğul olan insan üçün idmandan aylarla yox, bir neçə gün uzaq düşmək çox böyük problemdir, itkidir. İdman zalları fəaliyyətini bərpa edəndən sonra idmançılarımızın hazırlığı yenidən yaxşıya doğru dəyişdi, fəallıq artdı. Dediyim səbəblərə görə Tokio Olimpiadasında nəticələr bizi qane etməmişdi. Amma Paris Olimpiadasına böyük ümidlər bəsləyirik. Prioritet idman növlərindən olan cüdoda, güləşdə və boksda hər zaman medallar qazanmışıq. İnanıram ki, gələn il idmançılarımız öz sözünü deyəcək. İndiyə qədər “Neftçi”nin yetirməsi olan Namiq Abdullayev, Vüqar Ələskbərov, İradə Aşumova, Elnur Məmmədli, Mövlud Mirəliyev, Vitaliy Rəhimov, Fərid Mansurov, Rövşən Bayramov, Toğrul Əsgərov, Rüstəm Orucov, Elmar Qasımov, Rəsul Çunayev, Hacı Əliyev, İrina Kindzerska kimi idmançılarımız olimpiadalarda medal qazanıblar. Məqsədimiz həmin uğurların davamını gətirmək, yeni idmançıların yetişməsinə nail olmaqdır.

- 2022-ci ilin yekunlarına dair hazırlanmış hesabatda medal göstəricisi kifayət qədər xoş görünürdü.

- Elədir. Ötən il idmançılarımız fərqli idman növlərində və müxtəlif yarışlarda 933 medal qazanıb. Bunların arasında beynəlxalq yarışlar – dünya və Avropa çempionatları, eləcə də ölkə daxili yarışlar var. Fikrimcə, bu, çox gözəl nəticədir.

- Cüdo Federasiyasındaydınız.

- Bəli.

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA

- Artıq orada deyilsiniz.

- Orada olduğumuz müddətdə idmanla bağlı bilik və təcrübəmizi ortaya qoymağa çalışdıq. Bugünkü rəhbərlik də vaxtilə qurduğumuz sistemi inkişaf etdirib ölkə cüdosunu irəliyə aparır. Bildiyiniz kimi, federasiyada dəyişiklik oldu və yeni rəhbər seçildi. Hər yeni gələn rəhbər kimi, o da öz heyətini qurdu, fəaliyyətinə bələd olduğu insanlarla çalışmaq istədiyini bildirdi. Bu gün cüdo millimizdə ölkəmizi təmsil edən idmançıların 60-70 faizi “Neftçi”də yetişən idmançılardır. Federasiyadan ayrılmağıma baxmayaraq, hazırda həmin idmançılar yenə bizimlədir, böyük danışmaq kimi olmasın, yenə həmin idmançılara rəhbərlik edirəm. Baxmayaraq ki, beynəlxalq yarışlar zamanı kimin hansı cəmiyyəti təmsil etməsi önəm daşımır. Önəmli olan ölkəmizin adınn yüksək tutulması, bayrağımızın beynəlxalq arenalarda ucalmasıdır. “Neftçi İdman Klubu”nda Bakıda və Sumqayıtdakı təlim-məşq bazalarında 500-dən çox uşaq 21 məşqçi-müəllimin rəhbərliyi altında cüdo ilə məşğul olur. Və bütün məşqlər təmənnasız keçirilir. Maaşlar, zalların kommunal və digər ödənişləri SOCAR tərəfindən qarşılanır. Bu, təkcə cüdoya yox, 26 idman növünün hər birinə aiddir.

- Futbol üçün darıxırsınız?

- Futbol sahəsindən uzaq düşməyimə baxmayaraq, bu idman növü həyat tərzimizə çevrilib. Futbol həqiqətən başqa bir şeydir. Onu digər idman növlərinə qata bilmərik.

- Oyunlara baxırsınız? Baş verənləri izləyirsiniz?

- İmkan düşdükcə baxıram.

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA

- Yerli, yoxsa xarici futbola?

- Birinci gərək öz futboluna baxasan ki, sonra xarici futbolla maraqlanasan. Hər sahədə, hər yerdə belədir, özününkinə qiymət verməsən, başqasına baxmağın xeyri yoxdur. Şəxsən mən belə düşünürəm.

- Premyer Liqada iştirakçı sayı artıb. Bilirsiniz yəqin.

- Əlbəttə, xəbərim var. Cari mövsümün əvvəlində “Kəpəz”lə “Turan Tovuz” Premyer Liqaya qayıtdı və mən bu xəbəri eşidəndə çox sevindim. Həmişə demişəm, yenə təkrar edirəm, futbolumuzun inkişafını istəyiriksə, mütləq və mütləq bölgələrdə futbol olmalıdır. Yadıma gəlir, “Neftçi”də işlədiyim vaxt Tovuza, Gəncəyə, Lənkərana səfər edəndə, bu, mənim üçün ən unudulmaz hadisələrdən birinə çevrilirdi. Oradakı ab-hava, insanların futbola sevgisi, meydanda və tribunalardakı gərginlik – izah olunması mümkünsüz xatirələrdir. Amma çox istərdim ki, Premyer Liqada klub sayı 12, lap 14 olsun. Çünki bu gün Qax-Zaqatala, Quba-Qusar, Masallı-Lənkəran Yevlax-Mingəçevir kimi bölgələrimizin də böyük futbolda təmsilçisi olmalıdır. Bu bölgələrdə yaşayan futbol azarkeşləri də o həyəcanı yaşamağı haqq edir. İnanır və ümid edirəm ki, ən qısa zamanda klub sayı 12-yə yüksələcək.

- Futbollu günləriniz üçün darıxırsınız?

- (davamı olacaq)

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"