“Neftçi”də vəziyyət sazdır.
Güllər açıb, bülbüllər cəh-cəh vurur.
Niyə də olmasın?
Mövsümün startında bu yana ləngər vuran komanda bu mövsüm ardıcıl iki oyunda qələbə qazanmaqla ilkə imza atıb.
“Qəbələ” ilə çətin bölgə səfərinin ilk yarısında rəqibin qol vəziyyətlərinə tamaşa edən bakılılar ikinci yarıda əvəzetmələr hesabına 2:0-a sevindi.
Bundan 3 gün sonra Azərbaycan kubokunda I Liqa təmsilçisi MOİK-lə qarşılaşma “ağ-qaralar”ın darmadağını ilə yadda qaldı – 6:2. “Neftçi”nin sonuncu dəfə rəqib qapısından 6 top keçirdiyini kim xatırlayır?
Yeni transferlər – İfeanyi Metyu ilə Vensan Abubakarın komandaya tam uyğunlaşdıqlarını deyə bilərik. Afrikalıların performansı ağ-qara rənglərə könül verənləri gələcəyə ümidlə baxmağa vadar edir.
Metyu “Qəbələ”yə vacib qol vurdu, Abubakar iki matçdakı 65 dəqiqə ərzində 3 qola, 1 assistə imzasını yazdırdı. İndi nə Emini yada salan var, nə İmadı, nə də Varqası. “Neftçi”lilər hər oturub-duranda “Abubakar” deyirlər.
MOİK-lə qarşılaşmada adı iştirak ərizəsinə salınmayan Murad Xaçayevin sağlıq durumunda ciddi problem aşkarlanmayıb. Məşqdə aldığı zədə sağalıb deyə, “Kəpəz”lə matçın hazırlıqlarında iştirak edib.
Tək Murad yox, Samir Abasovun sərəncamında olan hamı bir nəfər kimi sağlamdır. “Kəpəz”lə oyunun tez başlaması üçün ürək döyüntüləri sürətini artırıb. Növbəti 3 xalı qazanıb turnir cədvəlindəki vəziyyəti yaxşılaşdırmaq, “Qarabağ”a “səni gözləyirik” mesajını göndərmək istəyirlər.
“Neftçi”də son aylarda müşahidə olunmayan günəşli, yağıntısız və küləksiz ab-hava yaranıb. Bu atmosferdən həzz almağa çalışırlar.
HƏBİB / SPORTİNFO.AZ

