Fikir vermisiz yəqin, Bilbaodan qayıdandan sonra «Qarabağ»ın oyununda bir düşüş var.
Ruh düşkünlüyü yaranıb komandada.
Ayrı-ayrı futbolçuları demirəm, ümumən hamıda bir çöküş əmələ gəlib.
«Şamaxı» idə matçda ruh düşkünlüyünün ilk əlamətləri nəzərə çarpdı. «İmişli» ilə dünənki qarşılaşmada isə kimsənin öz «qab»ında olmadığı göründü.
«Atletik»lə duelin sonluğu oyunçuların gücünü, özgüvənini alıb, elə bil.
Yaxşı olar… Keçib gedər… Düzələr…
Bu xoş təxminlərlə uzağa gedəmməz «Qarabağ». Problemlər qısa vaxtda boy sırasına düzülüb və onların təcili aradan qaldırılması mütləqdir.
«İmişli» ilə oynadıqlaroı kimi oynayarsa, «Qarabağ»ı «Çelsi»ylə matçda biabırçılıq gözləyəcək. Elə bir biabırçılıq ki, illər uzunu xatırlanacaq, təəssüf hissi ilə yad olunacaq.
Müdafiənin arxasına atılan toplar «Qarabağ»ın qapıçısı Mateuş Koxalskiyə ciddi çətinliklər yaratdı.
Birinci hissədə iki belə oxşar epizod oldu, birində Almeyda penalti qazandı, digərində isə hədəfə düşmədi.
Polyak kiper öncə penaltini qaytarmasaydı, ardınca təkbətək mübarizədə sayıqlığı itirsəydi, «Qarabağ» şok məğlubiyyətlə üzləşəcəkdi.
Müdafiə və hücum alanında zəif təsir bağışladı «Qarabağ». İkinci hissədə vurulan qolların istisinə qızınmağa dəyməz. Birində hücumçu imzası yox, nə qoyub, nə axtarırıq?
Nəriman Axundzadə barmağına yenicə üzük taxmış nişanlı qız kimi əzilib-büzülürsə, Kevin Medina ilə Bəhlul Mustafazadə ilk dəfə çiyin-çiyinə oynayırımış kimi bir-birini başa düşmürsə, Qurban Qurbanov günü bu gün reablitasiya kursu keçməlidir hamıya.
Komandanın komandaya oxşaması üçün.
Bayılmadan ayılmaya keçmək üçün.
Xətlərarası rabitənin bərpası, dinamizmi təmin etmək üçün.
ELNUR

