UEFA Azərbaycan millisinin daha 3 oyununu şübhə altına aldı

6 Dekabr 2019 19:27 Milli komanda 1 800
UEFA Azərbaycan millisinin daha 3 oyununu şübhə altına aldı

AFFA-nın 21 yaşlılardan ibarət yığmayla bağlı ciddi araşdırmaya başlaması haqda yaydığımız xəbər gündəmə "bomba" kimi düşüb. Bütün futbol ictimaiyyəti və sosial şəbəkə istifadəçiləri bundan danışır.

Hadisənin xülasəsinə qayıdaraq qeyd edək ki, federasiya UEFA-dan daxil olan növbəti siqnalın arxasınca düşüb.

Məsələ ondadır ki, komandamızın Fransayla səfər oyununa (0:5) külli miqdarda pul qoyuluşu edilib. Təkcə ev sahiblərinin yığmamıza 4-dən artıq top vuracağına isə 200 min dollar yatırılıb.

UEFA AFFA-dan araşdırmada iştirak etməsini istəyib. Federasiyadan əldə etdiyimiz məlumata görə, Fransada meydana çıxan futbolçulardan 5-i günahlarını etiraf edib və məlum olub ki, onlara bukmeyker kontorları ilə qeyri-leqal əməkdaşlıq eləyən insanlardan təklif gəlib.

Bundan yığma üzvlərinin əksəriyyəti xəbərdardır, sadəcə, 5 nəfər razılıq verib. Matçın nəticəsinin "stavka"ya qoyulması təklifi onlara birbaşa gəlməyib. Belə ki, Premyer Liqa klublarında çıxış edən bir neçə futbolçu bu işdə "vasitəçilik missiyası"nı öz üzərinə götürüb.

Məlum olub ki, millimizin böyükhesablı məğlubiyyətinə qoyulan pul matçın fasiləsində 500 minə, ikinci hissənin ortasında isə 800 min dollaradək artıb. Belədə təxminən bilinib ki, kələfin bir ucu hara və kimə gedib çıxır.

U-21 Avropa çempionatının seçmə mərhələsinin ilk turunda Lixtenşteynə yenilib - 0:1. Milan Obradoviçin çalışdırdığı kollektiv Slovakiya üzərində qələbə qazansa da (2:1), ardıcıl 3 oyunda Gürcüstana 0:3, Fransaya 0:5 və İsveçrəyə 0:1 hesablarıyla uduzub. Komanda son turda Lixtenşteyndən revanşı eyni hesabla götürüb - 1:0.

Bu gün Sportinfo.az-a daxil olan son məlumata görə, U-21-in Lixtenşteynlə səfər və evdəki oyunları, həmçinin İsveçrəyə məğlubiyyəti UEFA-da ciddi şübhələr yaradıb.

Avropa futbol qurumu Slovakiya qalibiyyətində də "gizli əl" axtarırır. UEFA müəyyənləşdirib ki, sözügedən matçların hər birinə külli miqdarda pul qoyuluşu edilib. Ən çox da yığmamızın səfərdə Lixtenşteynə minimal hesabla uduzması və "cırtdanlar"a Sumqayıtda 1 topdan artıq vurmayacağına.

Digər Xəbərlər
Xəbər Lenti