“Hazırda milliyə az diqqət ayrılır” - Baş məşqçi gileyləndi

23 May 2023 02:10 Milli komanda 517
“Hazırda milliyə az diqqət ayrılır” - Baş məşqçi gileyləndi

Bir neçə gün öncə Krakov-2023 Avropa Oyunlarının çimərlik futbolu üzrə yarışının püşkatma mərasimi keçirildi.

Püşkatmada millimizin də rəqibləri müəyyənləşdi.

İyunun 21-dən, iyulun 2-nə qədər keçiriləcək Avropa Oyunlarının çimərlik futbolu üzrə yarışlarında komandamız A qrupunda Polşa, Portuqaliya və İspaniya yığması ilə mübarizə aparacaq.

Çimərlik futbolu üzrə yığmamızın baş məşqçisi Zeynal Zeynalov hazırlıqla bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, qaynarinfo-ya açıqlamasında üzləşdikləri çətinliklərdən də danışıb:

"Hələ ki, məşqlərmiz gündə bir dəfə olmaqla davam edir. Bu ayın sonu, yaxud gələn ayın əvvəli Türkiyə millisi ilə yoldaşlıq matçı gözlənilir”.

Zeynalov millinin yer aldığı qrupu "ölüm qrupu” adlandırıb:

"Demək olar "ölüm qrupu"dur. Portuqaliya və İspaniyanın gücünə hamı bələddir. Polyaklar da ev sahibidir, normal komandadır. Ev sahibinə həmişə simpatiya göstərilir, yəqin ki, bu dəfə də belə olacaq. Çox çətin qrupdur. Portuqaliya ilə İspaniya Avropa çempionudur, Avroliqa mükafatçılarıdır. Onlar böyük futboldakı kimi, çimərlik futbolunda da həddindən artıq güclüdürlər”.

Baş məşqçi şanslarımızı dəyərləndirib:

"Şans həmişə var. Azərbaycan millisi olaraq əl-qolumuzu aşağı salıb heç kimə uduzmaq fikrində deyilik. Çətindir, amma mübarizə aparacağıq. Bu, o demək deyil ki, indidən təslim olmalıyıq. O zaman ora getməyin mənası yoxdur. Çalışacağıq ki, ölkəmiz üçün yaxşı nəticə qazanaq. İndidən nəsə demək olmaz, amma hər rəqiblə oynamaq, zəif yerlərini tapmaq mümkündür. Əsas məsələ odur ki, bunu meydanda alındıraq. Qrupdakı rəqiblərin hamısı ilə əvəllər qarşılaşmışıq. Cüzi dəyişikliklər var. Heyətləri demək olar qalır. Düzdür, gəncləşdirmə prosesi hər komandada olur. Amma onlarda gedənlərin yerinə gələnlər heç də zəif olmur. Çünki çempionatları var, müxtəlif turnirlərdə iştirak edirlər. Ona görə asandır, oyunçu seçimi çoxdur. Bizdə isə çətindir. Çempionatımız yoxdur, təlim-məşq toplanışlarımız azdır. Ona görə də, futbolçuları beynəlxalq turnirlərdə, yoldaşlıq matçlarında yoxlaya bilmirik. Futbolçular məşqlərdə və oyunlarda tam fərqli görünə bilər”.

İllərdir millimiz demək olar eyni futbolçularla yarışlara gedir. Bəs mütəxəssis bu il komandada hansısa dəyişikliklər edəcəkmi? Baş məşqçi bildirib ki, yeni futbolçular çoxdur:

"4-5 nəfər var ki, çoxdandır bizimlədir. Amma deməzdim ki, heyət eynidir. Yeni futbolçularımız çoxdur. Komandanın demək olar 60-70 faizi dəyişdirilib. Yaşlılar, köhnə futbolçularımız da var. Hazırda 3-4 yeni oyunçu götürmüşük. Sadəcə, problem odur ki, turnirlərə gedə, yoldaşlıq matçları keçirə bilmirik. Ona görə də tam şəkildə izləyə bilmirik. Futbolçu seçimi bizim üçün həddindən artıq çətindir. Bunun da əsas səbəblərindən biri maliyyə ilə bağlıdır. Bəzi futbolçular gəlirlər, baxırlar ki, maliyyə azdır. Bundan əlavə çimərlik futbolu da çətindir. Böyük futbolda, futzalda yaxşı oynayan oyunçular gəlirlər, amma çimərlik futbolunu bacarmırlar. Spesifik növ olduğu üçün heç də hamı uyğunlaşa bilmir. Düz meydançadan fərqli, qum üzərində oynanılan futbola uyğunlaşmaq üçün 5-6 ay, hətta deyərdim 1 il vaxt lazımdır. Milliyə dəvət etdiklərim Region Liqasından, Birinci Diviziondan, minifutboldan gələnlərdir. Müraciət edənlər olur, bəzilərini özümüz dəvət edirik. Məşqlərə qoşulurlar, uyğunlaşanda üzərlərində işləyirik. Alınmayanda yola salırıq.

Qışda qum üzərində məşq edə bilmirik, çünki üstübağlı meydançamız yoxdur. Məcbur olub futbolçulara süni örtüklü meydançada məşq keçirik ki, formadan düşməsinlər. Yalnız Su İdman Sarayında qum meydançası var, yüksək səviyyədədir. Həmin yerin arxasında daha iki qum meydançası da var. Düzdür, onlar standartlara uyğun deyil, amma qumu əladır. Mərdəkanda "Dalğa Arena”da da qum meydançası var idi, hazırda baxımsız vəziyyətdədir. Bir neçə aya komanda düzəldib Avropa arenasına çıxarmalıyıq. Hazırda çalışırıq ki, ortaya nəsə qoyaq. Bu yaxınlarda Türkiyəyə yollanmışdıq. Yenilər pis təsir bağışlamadılar. Düzdür, Türkiyə millisi elə də güclü deyil. Bizə lazımdır ki, qat-qat güclü komanda ilə oynayaq, zəif tərəflərimizi görək. Futbolçunun keyfiyyəti bu zaman bilinir. Hələ ki, turnirə qədər bizimlə olacaqlar. Sonrası özlərindən asılıdır”.

Zeynalov Azərbaycanda çimərlik futboluna lazımi şəkildə diqqət göstərilmədiyini də vurğulayıb:

"İstərdim ki, daha çox diqqət ayırsınlar. Fikrimcə, indi az diqqət ayrılır. Ən böyük problemimiz yoldaşlıq oyunlarında, beynəlxalq turnirlərdə iştirak edə bilməməyimizdir. Bu il ilk dəfə xaricə təlim-məşq toplanışına yollandıq. Müəyyən turnirlər var ki, iştirak edə bilərik. Hələ ki, vəziyyət belədir”.

Digər Xəbərlər
Xəbər Lenti