
Koronavirus pandemiyasına görə uzun müddətdir dünya futbolunda davam edən sükuta dünən Almaniya Bundesliqasının bərpası ilə son qoyuldu.
Düzdü, dünənə kimi davam edən bəzi ölkə çempionatlar da vardı, amma hər kəs qəbul edər ki, beşlik ölkələrinin çempionatı futbol dünyasının aynasıdır.
Günün maraqla gözlənilən oyunu isə "Borussiya"(Dortmund) və "Şalke" arasında baş tutdu. İdman TV vasitəsilə canlı yayımlanan görüşü İsmayıl Abdullayev şərh etdi.
Gənc şərhçi uzun müddətdən sonra şərh etdiyi ilk oyunla bağlı təəsüratlarını Sportinfo.az-a danışıb.
"Təəssüratlarımı sözlə ifadə etmək bir qədər çətindir. 2 ay idi ki, futbolsuz qalmışdıq. Sanki bu bizə 1 ilə bərabər idi. Hətta reportaja başlayanda elə bilirdim TV-də ilk şərhimə çıxıram.
Yəni o qədər həyəcan var idi. Çünki bu oyunun nə qədər ağır və məsuliyyət olduğunu dərk edirdim. Ona görə də matça əvvəlkilərdən 5 qat artıq və daha məsuliyyətli hazırlaşmalı idim.
Amma çox istərdim ki, 90 dəqiqəni bütün şərhçilərimizlə tamaşaçılara təqdim edək. Hətta bu barədə öz aramızda müzakirə də aparmışdıq.
Qismət belə gətirdi ki, qarşılaşmanın təqdimatı yekunda tək mənə həvalə olundu və buna görə də "İdman TV" rəhbərliyinə minnətdaram. Etimadı artıqlamasıyla doğrultmağa çalışdım"
Abdullayev uzun müddətli fasilənin onun işinə mane olmadığını, amma vurulan qoldan sonra qəribə hislər keçirdiyini bildirib: "Pandemiya dövründə loru dildə desək, "pas" atmamaq üçün nostalji oyunları və icmallari şərh edirdik.
Hətta "FİFA-20 National League" kiber yarışını da məlum olduğu kimi tamaşaçılara təqdim edirik. Yəni düşünürəm ki, bu iki ay işimizə çox da təsir etməyib. Amma etiraf edim ki, qol olanda istər-istəməz qəribə hislər keçirdim. Bu ifadə üçün çox darıxmışdım"
Gənc şərhçi, tamaşaçılarla meyxana stilində sağollaşmasına da aydınlıq gətirib: "Əslində çalışıram ki, hər oyunu maraqlı sitat və ya fikirlərlə maraqlı edim. Zamanla ya filmlərdən, ya tamaşalardan bəhrələnmisəm.
Təbii ki, yerində və uyğun olan məqamda səsləndirmək şərtilə. Dünənki sonluq isə hardasa oyunun 80-ci dəqiqədən sonra ağlıma gəldi. Yəni şərh edə-edə, Rur derbisinə aid maraqlı nə iləsə yekunlaşmaq istədim.
"Rur" deyə-deyə, öz-özümə gülürdüm. Birdən adını və sözlərini bilmədiyim meyxananın sonluğu yadıma düşdü. Onu eşitmişdim ki, nəsə "şur qurtardı getdi" ifadəsi var idi.
"Rur" və "vur"u tez-bazar iki mısra halina gətirib sonda dedim. Əslində isə tam səmimi deyim ki, meyxana ilə heç aram yoxdur. Nə dərəcədə uğurlu alındı təbii ki, izləyici və tamaşaçılar deyə bilər".