"Yol göstərən" futbol veteranlarımız

29 Fevral 2020 18:04 Köşə 1 133
"Yol göstərən" futbol veteranlarımız

Dünən Futbol Veteranları İttifaqının geniş tərkibdə iclası baş tutdu.

İclasda 200-ə yaxın veteranla bərabər, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, vitse-prezident Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvləri Kazbek Tuayev, İsgəndər Cavadov və ittifaqın sədri Oktay Abdullayev də iştirak edib. Sadəcə iştirak ediblər.

Tədbirdə baş verənlərdən hali olandan sonra buna başqa ad vermək olmur.

İstənilən sahənin ağsaqqalları, veteranları həmin sahədəki problemlərin həlli üçün faydalı olmalıdılar. Təcrübələrindən faydalanaraq gənc kadrlara faydalı işləməyin yollarını göstərməlidilər. Futbol sektorunda da həmçinin ...

Bu, dünyanın hər yerində belədir. Dünyaca məşhur qapıçı İker Kasilyas İspaniya Futbol Federasiyasına prezident seçkilərində namizədliyini irəli sürüb. Məqsədi pul qazanmaq yox, öz doğma vətəni İspaniyaya faydalı ola bilməkdir. Bu vətən qarşısında həm də bir borcdur, məsuliyyətdir.

Amma bizim səriştəsiz futbol veteranlarımız ancaq qazanc əldə etməyin təcrübəsini paylaşmaqla, aşılamaqla məşğuldurlar. Hər halda, belə olmasaydı ittifaqın sədri Oktay Abdullayevin müsahibəsi başdan-başa pul qazanmaq, gəlir əldə etmək yollarının təqdimatından ibarət olmazdı. Vəzifədə olanlar - Kazbek Tuayev, İsgəndər Cavadov, Vaqif Sadıqov kimilər yandaşları Elxan Məmmədova sığınıb, haqqa kor, kar, lal olmaqla rahat qazanmaq, yemək yolunu tutublar. Vəzifədən kənarda qalanların əksəriyyəti isə qazanca çatmağın təkliflərini yağış kimi yağdırmaqla məşğuldurlar. Bizlər də sadəlövhcəsinə bunlardan futbolumuzun inkişafına töhfə vermələrini gözləyirik. Heyif, min heyif

Belə futbol veteranları olan ölkənin gəncləri başqa necə olmalıdır ki?

İllərdir avrokubokların qruplarında oynayıb, amma Biləcəridən o tərəfə getməyi bacarmayan Qara Qarayevlər, bir vaxtlar bəh-bəhlə potensialından danışdığımız Rəhman Hacıyevlər, Təmkin Xəlilzadələr və.s, və.i.

Görünür, onları qınamağın adı yox imiş. Boş yerə deməyiblər ki, "ot öz kökü üstə bitər". Pul qazanmağın rahat yolunu tapıblar - Doğma vətən, daha artıq gəlir, qulaq dinc, baş dinc. Yol göstərən veteranlarımız kimi ...

Xanoğlan İmanov

Xəbər Lenti