Mahir Emreliyə qənim kəsilən azərbaycanlılar kimlərdir?

8 Aprel 2023 19:40 Köşə 4 269
Mahir Emreliyə qənim kəsilən azərbaycanlılar kimlərdir?

Son illər Azərbaycan futbolunda yetişən ən parlaq sima Mahir Emrelidir.

Hər halda biləcəridən o tərəfə gedə bilməyən çoxluqdan fərqli olaraq, o, "Legiya", "Dinamo" (Zaqreb) kimi adlı-sanlı klublarda çıxış etmək cəsarətini özündə tapıb.

Hər şey ideal alınıb? Təbii ki, yox. Bunda özünün də günahı olub, kənar müdaxilələrin də.

Amma bu da ən yaxşımızın Mahir olması reallığını dəyişmir.

Bəli, acı mənzərədir. Qonşu ölkənin futbolçuları dəstə-dəstə gedib Avropa klublarında adından söz etdirir. Biz isə qalmışıq bir Emrelinin ümidinə.

Amma bunun da günahı Mahirdə deyil axı.

Deməli, daha yaxşısına sahib olana kimi ən yaxşımıza sahib çıxmalı, dəstək olmalıyıq. Ola bilirikmi? Əsla!

Hə, "Lester"in, "Napoli"nin qapısına qollar vuran gecə paylaşdığımız bəh-bəhli postlar xaric.

Adam zədə alır, ələ salırıq.

Azarkeş hücumuna məruz qalır, yenə ələ salırıq.

O gün isə qarşıma Mahirin Türkiyə mətbuatına verdiyi müsahibə çıxdı. Elə "Konyaspor"un azarkeş səhifələrindən birində.

Mahir türk dilində kifayət qədər normal və səlist fikirlərini çatdırıb. Bir sözlə, uğurlu müsahibə alınıb.

Amma şərhlərə baxanda utanmamaq mümkün deyil. Yenə ələ salmalar, aşağılamalar. Həm də yüzlərlə şərhin motivində.

Təsəvvür edin ki, müsahibənin yer aldığı posta 20 gülüş smaylıkı atılıb və onun 18-i azərbaycanlıdır.

Yalan olmasın 50-yə yaxın şərh oxudum. Minimum 45-i Mahiri ələ salmağa xidmət edirdi. Və bu xüsusda yüzlərlə başqa şərhlər də vardı.

Sadəcə, oxumağa hövsələm çatmadı. Ən ağır gələni yenə odur ki, həmin şərhlərdən biri də türklərə aid deyil. Hamısı özümüz, özümüz, yenə özümüz. Sapı özümüzdən olan baltalar...

Axi niyə? Mahirin kiməsə Xviça olmaq borcu var? Əgər Xviça olmaq elə asandırsa, həmin yüzlərlə şərh yazandan biri niyə olmur?

Araşdırsaq, bəlkə də əksəriyyəti nə vaxtsa futbolla məşğul olub, amma yararsız çıxıb. Yoxsa başqasından ummaq daha asan yoldur?

Hə, zəif çıxışına, yalnış addımlarına görə Mahiri tənqid edə bilərik. Ki, bundan nəticə çıxarsın.

Amma gedib əcnəbi klubun səhifəsində öz həmyerlimizi aşağılamaq kökündən yanlışdır. Dəstək ola bilmirik, barı balta vurmayaq.

Axı həmin şərhləri Mahir özü də oxuyur. Onsuz da azərbaycanlı statusu ilə Avropada özünü təsdiqləmək səhrada balıq tutmaq qədər əzəblıdır. Bir də siz öz ələsalmalarınızla ona əzəb yükləməyin.

Hələ həmin iyrənc mənzərəyə qəh-qəhə ilə tamaşa edən düşmənləri demirəm.

XANOĞLAN İMANOV

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"