O boyda pul qazanmaq olar, üzr istəmək yox?

28 Mart 2023 11:20 Köşə 1 169
O boyda pul qazanmaq olar, üzr istəmək yox?

AVRO-2024-ə «əla» başlamışıq.

Avstriyaya 1:4 hesabıyla uduzmadan rahatlıq tapmadıq, İsveçdən də «qol yağışı»nı qəbul etdik.

Beş topluq «hədiyyə»nin altında əzilib qalan millimizin bu halını görmək necə də pis mənzərədir…

Ürək istəyir ki, buna dözsün. Ağır dərddir, «elnən gələn dərd isə toy-bayramdır» deyirlər.

Belə bir məsəl var. Bəlkə də kiçik təsəllidir bu. Neyləyək, ölkəmizin əsas komandası budur, bizə köks ötürməkdən, ağrı-acı hiss etdirməkdən, əsəblərimizi korlamaqdan savayı başqa bir iş gəlmir əllərindən.

Hər şey himndən başlayır. O gözəl himni ki 11 nəfərdən cəmi 3-4 nəfər oxuyur, qalanları heç dodağını da tərpətmir, 1:4-lərin, 0:5-lərin sapa düzülməsi tam təbiidir.

Hələ bu harasıdır, məğlubiyyətlərin ardı gələcək, arası kəsilməyəcək.

Bədgümanam. Havadan, sudan deyil. Ağ və göy rəngli formanı geyinənlər yeni «tarix» yazmağa doğru gedir. İri addımlarla bu məqsədə çatmaq üçün irəliləyirlər.

Bu komandanı «milli» adlandırmağın əleyhinəyəm. Milli duyğulu, coşqulu bir hava əsdirmir bu komanda.

Əhəmiyyətini itirmiş 5 oyunda qələbə qazanmış və kifayət qədər yüksək mükafat almış futbolçuları indi dar ağacının dibinə itələməyin tərəfdarı deyiləm, amma çıxıb xalqdan üzr istəməklərini tələb edirəm.

Mənasız oyunlardakı qələbələrə görə dodaq uçuran məbləğləri alıb ciblərini doldururlarsa, ölkəyə yaşatdıqları dərin məyusluğun bədəlini ödəməli olanlar da onlardır.

MUSA

Xəbər Lenti