Qurban Qurbanovdan da utanmadınız?

27 Mart 2023 23:00 Köşə 3 951
Qurban Qurbanovdan da utanmadınız?

Bu ölkənin futbolu yerin dibindədir. Əksər veteranı min manata özünü AFFA-dakı otağına "həbs" etdirib.

10 il əvvəl yaradılanda məqsədi yerli futbolçu yetişdirmək olan "Sumqayıt" illərdi ölkəyə Dağıstandan, İrandan futbolçu idxal etməklə məşğuldur.

Ölkənin ən köklü klubu olan "Neftçi"də illərdi pulların necə dağıdılması üzərində baş sındırılır. Bordin gedir, Füzuli Məmmədov gəlir. Samir Abasov gedir, Regekampf gəlir. Problem də öz yerində. Əslində bizə problem görsənir. Klub rəhbərliyinə həmin problem "yağlı əppək" rolunu oynayır.

"Turan"ı, "Kəpəz"i, "Şamaxı"sı bölgədə qapı-qapı gəzib pul axtardığı halda Bakının mərkəzində lazımsız klub olan "Səbail" legioner idxalı ilə məşğuldur. O gəlir, bu gedir. Sonuncu pillədə qara günə qalan Bayıl təmsilçisindən söhbət gedir.

Milyonlarla dəyəri olan Bakı Futbol Klubunun bazası bir gecədə yerlə-yeksan edilir. Buna görə futbolçu eşqi ilə yaşayan, bəlkə də gələcəyin ulduzu olacaq uşaqlardan biri ofisant işləməyə, digəri fəhlə, bir başqası taksi şoferi olmağa qərar verir.

Bu xüsusda saatlarla problem saymaq olar. Və bu qədər dəhşətli mənzərənin içində Qurban Qurbanovun "Qarabağ" adlı əsərini görürük. Futbolun nə olduğunu, necə olduğunu bizə göstərən əsər.

Qurban Qurbanov bizə elə uğurlar bəxş edir ki, bəzən gözümüz kor olur, zehnimiz yox olur.

Nə önümüzü görürük, nə keçmişimizi.

Hələ utanmadan belə bir əsəri fitə də basırıq.

"Qalatasaray" qardaş ölkə təmsilçisidir. İstanbul nəhəngi ilə oynanan matç da qardaşlıq matçıydı. Tribunaların büst-bütün sarı-qırmızı atributlara bürünməsi, "cim-bomu" dəstəkləməsi məni narahat etməzdi. Sevgiyə qadağa olmaz. Reallıq acı da olsa reallıqdır.

Amma fitə basmağa nə söz? Mən bunu edənlərə bəraət qazandıra bilmərəm. Hətta Qurbanovun yerində olsam heç haqqımı da halal etmərəm. Ən azı Qurbanovdan utanmadınız? Söhbət adına heyək qoyulmalı, küçə verilməli, stadion tikilməli adamdan gedir. ADAM!

Və bilirsiz ən komik olanı nədir?

Bu gün ağdamlılara fit çalan həmin kütlə sabah pley-off-da niyə uduzdun deyə tənə vuracaq, linc edəcək. Qurbanovdan hesab tələb edəcək. Maraqlıdır, hansı üzlə?

XANOĞLAN İMANOV

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"