Rəşad Sadıqov oxuyaraq kateqoriya alırsa, o, niyə almasın?

16 Mart 2023 17:00 Köşə 1 500
Rəşad Sadıqov oxuyaraq kateqoriya alırsa, o, niyə almasın?

Azərbaycan millisinin sabiq üzvü, veteran futbolçumuz Mahir Şükürov son günlər yenə fikirləri ilə trendə çevrilib.

Onun "tik-tok" sosial şəbəkə platformasında səsləndirdiyi fikirlər mətbuatda, sosial şəbəkələrdə gündəm olub.

Şükürov növbəti dəfə AFFA rəhbərliyin sərt tənqid edib.

Sitat: "AFFA rəhbərliyi federasiyanın mühafizə xidmətində çalışan şəxsə "B" kateqoriyalı məşqçi lisenziyası verib. Məndən isə kursa yazılmağımı tələb edirlər. Tərcüməçi olmuş Osman Rəhimovun təlimatçı olduğu seminara qatılmağı özümə yaraşdırmaram. Ölkənin bir nömrəli komandasında 78 oyun keçirmişəm. Mənə deyirlər ki, get "B" kateqoriyası almaq üçün kurs oxu. Özü də Osman kimi adam mənə dərs deyəcək".

Bəli, Azərbaycan futbolunda böyük problemlər var. Və bunun cavabdehliyi hazırkı AFFA rəhbərliyinin boynundadır. Kimsə ağ vərəq qədər aydın olan bu həqiqəti dəyişə bilməz.

Ancaq, bu da əsas vermir ki, indiki AFFA rəhbərliyinə qarşı mübarizəni belə məntiqsiz fikirlərlə aparaq.

Belə açıqlamalar kütlə təfəkkürünə xidmət etməkdən başqa heç nəyə yaramır. Mahir papulist çıxışla özünə xal yığmağa çalışır.

Fikirlərinin heç bir ciddi əsası yoxdur.

İlk ondan başlayaq ki, Mahir hər dəfə bizim dövr, bizim nəsl elə deyir ki, sanki o dövr, nəsl Pele, Maradona dövrünə təsadüf edir. Ay Mahir, kimi aldadırsan axı? Aşağı-yuxarı eyni yaşıdıq. Sənin də dövrünü görmüşük, indiki dövrü də yaşayırıq. Sizin nəsil nə edib axı? Bəlkə, hansısa Dünya Çempionatının və ya Avropa Çempionatının final mərhələsində iştirak etmisiniz, amma bizim xəbərimiz yoxdur? Elə bəh-bəhlə 78 oyun keçirməyi gözə soxursan ki... Həmin 78 oyunun hamısı seçmə mərhələlərə təsadüf edir də. Böyük hissəsi isə Malta, Lixtenşteyn, Lüksemburq, San Marino kimi yığmalara qarşı olub.

Həmin oyunları bu yığmada Arif Daşdəmirov, Daniel Axtyamov, Aleksandır Çertaqanov, Vladimir Levin kimi oyunçular da keçirib.

Və heç bir ciddi əhəmiyyət daşımayan qarşılaşmalardakı pir qələbələrə görə milli komanda tarixində ən çox mükafat qazanan 3-5 futbolçudan birisən. Yəni milli, xidmət, oyun sayı kimi söhbətlərlə ürək bulandırmayın. Nə göstərdiyiniz oyun, nə də verdiyiniz nəticələr həmin mükafatların heç 10 %-in də haqq etməyib. Amma indi haqq axtaran sənin kimilər onda haqqın h-sın da yada salmayaraq verilən mükafatı manatına kimi federasiyadan qoparmısınız. Deyəsən, ağzınızda necə şirə qalıbsa, qocalanda da pul aparmaq hərisliyi ölməyib hələ.

Qaldı ki, mühafizəçinin "B" kateqoriyası almasına. Burda qəbahət nə var ki? Tənə eləməkdənsə, alqışlamaq daha doğru olar. Mühafizədə çalış-çalışa əziyyət çəkib, oxuyub kateqoriya alıb. Özün həmin mühafizəçinin kateqoriya aldığı seminarda cəmi 2 dərs duruş gətirə bilmisən. Sənin qabiliyyətin, bacarığın buna çatmırsa, gərək həmin adamı boş-boş qınayasan? Bu, acizlik, cahillik əlamətidir.

Millinin sabiq üzvü olmağına görə "C" kateqoriyası sənə heçnəsiz verilib. Olmaya, 78 oyunu əldə bayraq tutub, birbaşa "PRO" kateqoriyalı mütəxəssis olmaq istəyirsən?

Milli komandaya xidmətə qalanda bunu ən çox dilə gətirəcək iki adam varsa, biri Rəşad Sadıqovdur. Adam dəfələrlə sağlamlığını arxa plana atıb, iynələr hesabına meydana çıxıb. Amma bu gün həmin Sadıqov oxuyaraq kateqoriya alırsa, sən niyə almayasan?

Bu gün ölkənin ən yaxşı məşqçilərindən hesab olunan Ayxan Abbasov, Elmar Baxşıyev həmin Osmanın dərsində oturub, kateqoriya alıblar. Sən niyə oturmamalısan? Bu, qərəzli və kökündən yanlış yanaşmadır axı.

Bizim qədər AFFA-nı tənqid edən, istefaların tələb edən yoxdur. Futbolumuzu bu günə qoyanlara qarşı ən sərt mövqe tutanlardanıq. Amma incimə, bizim yanımızda belə sənə yer yoxdur. Sənin təfəkkürdə olan adamlar futbolumuzda olacaqsa, vallah-billah mən iki əlli indikilərə razıyam.

XANOĞLAN İMANOV

Xəbər Lenti