"Messi", özü yıxılan ağlamaz

30 Yanvar 2023 22:20 Köşə 2 253
"Messi", özü yıxılan ağlamaz

Təmkin Xəlilzadə klubsuz qalıb.

Dünənə kimi ölkənin ən yaxşı sol cinah müdafiəçilərindən hesab olunan, “elçiləri” qapısında növbəyə düzülən futbolçu bu gün heç kimə lazım deyil. Lazım olanlar da istədiyi maaşı vermir.

Adamın 30 yaşı tamam olmayıb. Yəni hələ “qocalmayıb” ki, yaşına görə lazımsız olduğunu düşünəsən.

Təmkinə ehtiyac duyulmamasının səbəbkarı özüdür. Adam xarakterindəki nöqsanlarla , futboldan kənar əməlləri ilə ad çıxarıb. Bu gün onun klubsuz qalmasının səbəbini futbol adamlarından soruşsan, eyni cavabı eşidəcəkdən. Ki, meydanda gördüyü iş əladır, idmançı rejimi və davranışı başına bəladır.

Mərc oyunlarında iştirak edir, klubdaxili intizam qaydalarına əməl etmir, bir vaqon borcu var. İş başında tutmamışam, əlimdə faktım da yoxdur. “Amma elin gözü tərəzidir” deyiminin əksər vaxtlarda öz təsdiqini tapdığını nəzərə alsaq, deyilənlərə inanmaq məcburiyyətindəyəm.

Adam “Neftçi” xaric ölkənin adlı-sanlı, yəni imkanları klublarının hər birinin “bulağından su içib”. “Qarabağ”da başladı, “Zirə”də davam etdi,

2017-də çox yaxşı qiymətə “Qəbələ”yə satıldı, ordan “Sabah”a getdi, sonuncu dayanacağı yenə “Zirə” oldu. Azərbaycan millisində 25 oyunda meydana çıxıb, 3 qol vurub, bir o qədər də məhsuldar ötürmə vermək hər müdafiəçinin başı üçün olmayıb.

2019-cu ilin sentyabrında Bakıda dünya ikincisi Xorvatiya millisinin qapısından keçirdiyi Messisayağı top isə futbol dərsliklərinə salına biləcək qol idi. Avropa nəhənglərində “at oynadan” Lovrenlə Brozoviçi bir-birinə qatıb Livakoviçi məyus edən Xəlilzadə həmin qolla böyük reklam qazanmışdı.

Amma davamını gətirə bilmədi. Yaşa dolduqca müdrikləşmək əvəzinə geriyə getdi, olan-qalanı da itirməyə başladı və günlərin birində heç kimə lazım olmadığını anladı.

Təmkini Təmkin edən özü olmuşdu. Əzmkarlığı, futbolçu keyfiyyətləri, sol ayağından məharətlə istifadə etmək bacarığı,

Təmkini qəmgin edən də özü oldu. Başına gələnlərdən dərs çıxarıb səhvən döndüyü yoldan qayıtmaq əvəzinə inamla addımladı, dayanmadı, getdi və indiki vəziyyətlə üzləşdi.

Odur ki, özü yıxılan ağlamaz, 4 il əvvəl Messini xatırladan oğlan.

HƏBİB

Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?